1.5
Dərsin adını oxuduqda təəccüblənəcəksiniz:
axı qazlar dielektrikdir. Dielektriklərdə isə
sərbəst yükdaşıyıcılar olmadığından onlar
elektrik cərəyanını keçirmir (bax:
səh. 9).
Araşdırma
1
Qazlar dielektrikdir!
Təchizat: elektrofor maşını, müstəvi nümayiş kondensatoru, elektrometr, birləşdirici
naqillər.
İşin gedişi:
- Müstəvi kondensatorun lövhələrindən birini elektrometrin çubuğuna, digərini isə elektrometrin
gövdəsindəki sıxaca birləşdirin (a).
- Elektrofor maşını ilə lövhələri əksişarəli elektrik yükü ilə elektrikləndirin. Bu zaman
elektrometr lövhələr arasında elektrik sahəsinin yarandığını göstərir.
- Lövhələri yaxınlaşdıraraq bir-birinə toxundurun və baş verən hadisəni izləyin.
- Lövhələri aralayıb onların arasında hava qatı saxlayın (hava kondensatoru yaradın) və
lövhələri yenə əksişarəli elektrik yükü ilə yükləndirin. Bu zaman elektrometr yenə
lövhələr arasında elektrik sahəsinin yarandığını göstərir. Cihazlara toxunmadan bir
neçə dəqiqə elektrometr əqrəbinin vəziyyətini müşahidə edin.
Nəticəni müzakirə edin:
- Elektriklənmiş lövhələri bir-birinə toxundurduqda nə üçün elektrometrin əqrəbi sıfır
bölgüsünə düşdü?
- Hava kondensatorunun lövhələri uzun müddət yüklü olsa da, nə üçün boşalmadı –
elektrometr əqrəbinin vəziyyətində dəyişiklik baş vermədi?
Qaz adi şəraitdə dielektrikdir: qazı təşkil edən atom və molekullar neytraldır. Qaz
o zaman elektrik cərəyanını keçirən naqilə çevrilir ki, onda sərbəst yükdaşıyıcılar
yaransın.