1.10
- Bilirsinizmi ki, Yerətrafı orbitdə və planetlərarası fəzada uzun
müddət hərəkət edən kosmik aparatlarda elektrik enerjisi
yarımkeçirici cihazlar vasitəsilə əldə edilir?
- Bilirsinizmi ki, son model cib telefonları
elə yarımkeçirici cihazlarla təchiz
edilmişdir ki, bu cihazlar akkumulyator
boşaldıqca telefonu əlavə elektrik
enerjisi ilə təmin edir?
Araşdırma
1
Elektrik dövrəsində cərəyan şiddətini
dəyişən yarımkeçirici.
Təchizat: sabit cərəyan mənbəyi (4V), ampermetr, fotorezistor (“Yarımkeçiricilərdə elektrik
cərəyanı” cihaz dəstindən), açar, birləşdirici naqillər.
İşin gedişi: 1. Cihazları şəkildəki kimi ardıcıl birləşdirin (
a). 2. Fotorezistorun səthini işıq
düşməsin deyə kitabla örtün və açarı qapayıb dövrədən cərəyanın keçib-keçmədiyini araşdırın.
3. Dövrənin qapalı vəziyyətində kitabı fotorezistorun səthindən uzaqlaşdırın və baş
verən hadisəni müşahidə edin.
Nəticəni müzakirə edin:
- Yarımkeçirici fotorezistorun müqavimətinin işıqlanmadan asılılığına dair hansı nəticəyə
gəlmək olar?
- Fotorezistorun iş prinsipinin mexanizmini necə izah edərdiniz?
Termorezistor və fotorezistor. Bunlar sadə yarımkeçirici cihazlardır, çünki onlar
məxsusi keçiriciliyə malik yalnız bir yarımkeçiricidən ibarətdir.
Termorezistorlar istiliyin, fotorezistorlar isə işıqlanmanın təsiri ilə müqavimətlərini
dəyişməklə elektrik dövrəsində cərəyan şiddətini artırıb-azalda bilir. Belə ki, istiliyin və ya işıq şüalarının təsiri ilə yarımkeçirici kristalın valent
elektronları kovalent rabitədən qopur. Nəticədə kristalda sərbəst elektronların və deşiklərin
sayı artır, yarımkeçiricinin elektrik müqaviməti azalır və onun keçiriciliyi yüksəlir.