Araşdırma
1
Cərəyanlı düz naqilin maqnit induksiya xətləri.
Təchizat: “Maqnit sahəsi” laboratoriya dəsti, sabit cərəyan mənbəyi, qalvonometr,
reostat, açar, dəmir tozu, maqnit əqrəbləri (4-5 ədəd), dielektrik ştativ, birləşdirici naqillər.
İşin gedişi:
- Sxemdə göstərilən dövrəni yığın (c).
- Laboratoriya dəstindən naqilin düz hissəsinə perpendikulyar bərkidilmiş müstəvi lövhədən
ibarət qurğunu ştativə bərkidin (d).
- Qurğunun sıxaclarını dövrənin açıq uclarına birləşdirib açarı qapayın. Lövhənin səthinə
dəmir tozu səpələyib cərəyanlı düz naqilin maqnit sahəsinin qüvvə xətlərinin formasını
müşahidə edin.
- Açarı açın və dəmir tozunun əvəzinə naqilin ətrafında maqnit əqrəbləri yerləşdirin.
Dövrəni qapayın və cərəyanın maqnit sahəsinin müxtəlif nöqtələrindəki induksiya vektorlarının
istiqamətlərini təyin edin.
- Naqildəki cərəyanın istiqamətini dəyişib (qurğunun sıxaclarına birləşdirilən naqillərin
yerini dəyişməklə) təcrübəni maqnit əqrəbləri ilə təkrarlayın. Bu zaman maqnit
induksiya vektorlarının istiqamətlərinə diqqət edin.
Nəticəni müzakirə edin:
- Cərəyanlı düz naqilin maqnit induksiya xətləri hansı formaya malikdir?
- Naqildən şaquli aşağı və şaquli yuxarı istiqamətdə elektrik cərəyanı keçdikdə onun
maqnit sahəsinin induksiya vektorlarının istiqaməti necə dəyişdi?
Cərəyanlı düz naqilin maqnit induksiya xətləri. Araşdırma göstərdi ki, cərəyanlı
düz naqilin maqnit induksiya xətləri ona perpendikulyar olan müstəvilərdə
qapalı konsentrik çevrələrdən ibarətdir. Naqildəki cərəyanın istiqamətini dəyişdikdə
maqnit əqrəblərinin 180° döndüyü müşahidə olundu. Deməli, cərəyanın yaratdığı
maqnit sahəsinin induksiya vektorunun istiqaməti naqildəki cərəyanın istiqamətindən
asılıdır. Maqnit induksiyasının istiqamətini maqnit əqrəbindən istifadə olunmadan
iki qayda ilə təyin etmək əlverişlidir: sağ yivli burğu qaydası və sağ əl
qaydası.