• | Bu elektrik vasitələrində hansı enerji çevrilməsi baş verir? |
• | Belə enerji çevrilməsi hansı fiziki hadisəyə əsaslanır? |
Elektrik mühərriki. Məişət, texnika və istehsalatda geniş tətbiq olunan bir çox elektrik cihaz və avadanlıqların əsas hissəsini elektrik mühərriki təşkil edir.
• Elektrik mühərriki – elektrik enerjisini mexaniki enerjiyə çevirən qurğudur.
Onun iş prinsipi maqnit sahəsində cərəyanlı çərçivənin Amper qüvvəsinin təsiri ilə fırlanma hadisəsinə əsaslanır. Elektrik mühərrikləri müxtəlif quruluşda olur, lakin onlardan ən geniş yayılanı kollektorlu mühərrikdir. Bu mühərrik üç əsas hissədən ibarətdir: stator, rotor və kollektor.
Stator (lat. “sto” – dayanıram) – elektrik mühərrikinin tərpənməz hissəsidir və gövdəyə bərkidilmiş sabit maqnitdən, yaxud dəmir içlikli sarğacdan (elektromaqnitdən) ibarətdir. Stator bəzən induktor da adlanır. Statorda güclü maqnit sahəsi yaradılır (a).
Rotor (lat. “roto” – fırladıram) – mühərrikin fırlanan hissəsi olub statorun içərisində yerləşdirilir. Rotor silindrik içlikli çərçivə formasında olan elektromaqnitdən ibarətdir. O, bəzən lövbər də adlanır. Rotorun sarğaclarına elektrik cərəyanı vermək, onun fasiləsiz fırlanmasını təmin etmək məqsədilə kollektor və fırçalardan istifadə edilir.
Kollektorlar və fırçalar rotorun fasiləsiz fırlanmasını necə təmin edir?
Beləliklə, rotordan cərəyan keçdikdə o, Amper qüvvəsinin təsiri altında stator daxilində fırlanır (b). Rotorun fırlanma sürəti ondan keçən cərəyan şiddətindən, rotor və statordakı dolaqların sayından asılıdır. Elektrik mühərriki sxemlərdə içərisində M hərfi yazılmış dairə formasında göstərilir (c).
Elektrik mühərrikləri istilik mühərrikləri ilə müqayisədə ekoloji cəhətdən daha səmərəlidir. Onlar ətraf mühiti çirkləndirmir, demək olar ki, səssiz işləyir, qənaətlidir. Elektrik mühərriklərinin FİƏ (faydalı iş əmsalı) 90%-dən yüksəkdir.