Kompüterdə qrafik informasiyanın təqdim olunması üçün iki yanaşmadan istifadə olunur. Onlardan birinin – rastr qrafikasının mahiyyəti və onun çatışmazlıqları ilə ötən dərsdə tanış oldunuz. Rastr qrafikasında olan problemləri həll etmək üçün ikinci yanaşmadan – vektor qrafikasından istifadə olunur. Şəkil, sxem, çertyoj kimi rəsmlərdə obyektlərin konturlarını yüksək dəqiqliklə və aydın göstərmək lazım olduqda vektor görüntülərin üstünlüyü üzə çıxır.
Vektor qrafikasında obyektlər ayrı-ayrı nöqtələrin (piksellərin) yığını kimi deyil, xətlər toplusu kimi yaradılır. Xəttin forması riyazi qanunauyğunluqlar vasitəsilə təsvir olunur. Başqa sözlə, vektor qrafikasında ekrana, yaxud çapa çıxarılan xətlərin yerinin, uzunluğunun və istiqamətinin müəyyən olunması üçün riyazi düsturlardan istifadə edilir. Məsələn, bildiyiniz kimi, düz xətti göstərmək üçün iki parametr kifayətdir. Düz xəttin tənliyi y = kx + b düsturu ilə verilir. Koordinat sistemində k və b parametrlərini bilməklə düz xətti çəkmək mümkündür. Yəni bu halda düz xətt boyunca yerləşən hər bir nöqtənin yerini və rəngini göstərmək tələb olunmur. Nəticədə görüntünün həcmi azalır və onu heç bir təhrif olmadan böyüdüb-kiçiltmək imkanı yaranır.