FOTOQRAFİYA və KOMPÜTER
Kompüter texnologiyalarının tətbiqi nəticəsində fotorəssamın qarşısında hansı yaradıcı üfüqlər açılır?
Hansı kompüter proqramları vasitəsilə fotoşəkilləri emal etmək, dəyişmək və kollajlar yaratmaq olar?
Tanış olun
Kompüterin, elektron-rəqəmsal texnologiyaların meydana gəlməsi çəkiliş və fotoşəkillərin emalı imkanlarını genişləndirdi. Lakin iş zamanı kompüter proqramlarının tətbiqi nəinki texnoloji bacarıq, həm də onun bədii imkanlarının dərk olunmasını tələb edir. Yeni texnologiya təsvirin alınmasını yüngülləşdirir, onun keyfiyyətini yüksəldir. O, eyni zamanda fotoqrafiya sənətinin məğzinə incəsənət və informasiya növü olaraq yeni tərzdə baxmağa vadar edir.
Kompüter fotoqrafiyanın sonsuz sayda emal imkanlarına meydan açır. Korrektə-redaktə düzəlişlərindən başqa, şəklin üslubu da dəyişdirilə bilər.
Qrafika ilə işləmək üçün ən geniş yayılmış proqram tiplərindən biri qrafik redaktorlardır1. Bir sıra qrafik redaktorlar fotorealist təsvirlərinin redaktəsində ixtisaslaşdığı halda, digərləri rəsmlərin yaranmasında və redaktəsində daha güclüdür.
Kompüter inqilabının daha bir mühüm nəticəsi internetdən fotoşəkli yükləmək imkanıdır. Obyekti çəkmədən, çəkiliş yerində olmadan həmin təsvirləri kompüterin monitorunda görmək olar.
1Qrafik redaktor - istifadəçiyə kompüterin ekranında təsvir yaratmaq və onu redaktə etmək üçün proqram. Təsvirləri JPEG, PNG, GIF və bu kimi müxtəlif formatlarda saxlamaq olar.