KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Film üçün ssenari necə tərtib edilir?
Tanış olun
Kino, xüsusən də animasiya filmləri ilə sıx bağlı olan hər hansı əhvalatın bəhs edildiyi təsvir silsiləsinə komiks1 deyilir.
Bu şəkilli əhvalatlar, rəsmlərlə təqdim edilən hekayələr özündə ədəbiyyat və təsviri sənət kimi incəsənət növlərinin xüsusiyyətlərini birləşdirir.
İlk komikslər XX əsrin əvvəllərində Avropa və Amerika qəzetlərində görünməyə başlayıb, sonralar isə onların ən məşhurları ayrıca kiçik jurnal kimi nəşr edilib.
Komikslərin tarixi çox əvvəllərdən başlayıb və bu janr ABŞ-da yaranıb. 1892-ci ildə Amerikanın “The San Francisco Examiner” jurnalında “Ayı balası və pələng” adlı ilk Amerika komiksi dərc edilir. Sonralar isə komiks yaradıcısı kimi məşhurlaşan və öz komiks seriyalarını təqdim edən Riçard Autkolt oldu. Janrın inkişafına öz töhfəsini həm də Rudolf Derks verib. Personajların nitqinin yerləşdirildiyi bulud formalı “qovuq” çərçivələri məhz o icad etmişdir.
Komikslərdə ən azı 2 şəkil olmalıdır. Odur ki yalnız 1 təsvirdən ibarət illüstrasiya, rəsm komiks adlana bilməz. Komikslər bəzən hər hansı bir süjetdən bəhs edən ardıcıl mətnlə müşayiət olunur.
1Komiks (ing. comic - gülməli) - vahid hekayəni təşkil edən qısa mətnli şəkil silsiləsidir. Yumoristik, macəra, fantastik, tarixi və digər komikslər olur.