İncəsənət hansı vasitələrlə insana təsir göstərir?
Heykəltəraşlığın növ və inkişaf sahələri hansılardır?
Tanış olun
İsveçrəli heykəltəraş, rəng ustası və qrafik rəssam Alberto Cakometti XX əsr təsviri sənətinin ən böyük nümayəndələrindən sayılır. O öz yaradıcılığında kubizm və sürrealizmin təsirini hiss edirdi. Müəllif öz heykəllərinin əksəriyyətini böyük fransız heykəltəraşı Rodenin yaradıcılığının təsiri altında yaratmışdır.
Cakomettinin ilkin işləri realist tərzdə işlənilib, lakin sonralar o, ku- bizmin təsiri altına düşür, Afrika incəsənəti, Okeaniyanın arxaik plastikası, qədim Amerika incəsənəti ilə maraqlanır. Çox fərqli istiqamətlərdə fəaliyyət göstərən rəssamlar - Pikasso və Matiss rəngkarlıq və heykəltəraşlıq əsərlərində bu sayaq motivlərdən istifadə ediblər.
Bir qədər sonra Cakometti öz heykəllərində kubizm elementlərini röyalarla dolu xəyal və qəzəblə cəmləşdirir. Sürrealizm dövrünün heykəllərində formalar mücərrədliyə yaxınlaşaraq sadələşir. Ətraf aləm, onun qaydaları və məcburən qəbul etdirilən şərtiliklərlə barışmayan Cakometti bu hisləri doğuran emosiyaları özününküləşdirərək tam çəkisiz heykəltəraşlıq kompozisiyaları yaradırdı. Bunlar üçölçülü reallıqdan daha çox, kölgə idi.
Onların məxsusiliyini daha çox vurğulamaqdan ötrü sənətkar bir sıra əsərlərini qəfəsə - vizual olaraq onun şedevrlərinin məhkum olduğu və əbədi dincəldiyi kiçik məkanda təcrid edən zərif karkas konstruksiyaların içinə salırdı.