MİKAYIL USEYNOV: MEMARLIQDA
KONSTRUKTİVİZMİN PRİNSİPLƏRİ
Necə düşünürsünüz, tikililəri qənaətli, faydalı və eyni zamanda gözəl yaratmaq mümkündürmü? Daş və ağacdan imtina etməklə daha hansı materiallardan tikililər yaratmaq olar?
Memar Mikayıl Useynovla birgə bir çox layihələrə imza atan digər memar kim idi? Onların hansı tikililərini xatırlayırsınız?
Tanış olun
XX əsrin incəsənəti bütün növləri ilə yanaşı, müasir memarlığı da əhatə etmişdir. Memarlıqda ən geniş inkişaf etmiş istiqamət konstruktivizm idi. “Qənaət, fayda və gözəllik” - konstruktivizmin əsas devizi idi.
Bu üslubun yaranmasının ilkin işartıları XIX əsrin sonlarında özünü göstərdi. Memarlar daş və ağacdan imtina edərək şüşə, dəmir-beton konstruksiyalardan istifadə sayəsində irihəcmli tikililər yaratmağa nail oldular.
Azərbaycan konstruktivizminin görkəmli nümayəndəsi, sovet memarlığının yaradıcılarından biri olan memar Mikayıl Useynov XX əsr milli memarlıq tarixində xüsusi yer tutur. Müasir Bakı şəhər memarlığının ən yaxşı nümunələrinin müəllifi Mikayıl Useynovdur. Həmin nümunələrin ideyası və ifadə üslubu indi də paytaxtımız üçün aktuallığını saxlamaqdadır. Bu sənətkarın yaradıcılığında ən vacib olan məqam - dünya memarlığının qabaqcıl və yeni meyillərindən imtina etmədən Azərbaycan memarlığına milli koloriti gətirməsidir.
Bakı şəhərində M.Useynovun layihələri əsasında inşa edilən bu binaların adlarını söyləyin və onların ümumi cəhətləri haqqında danışın.
Memarın 1929-1934-cü illərdəki fəaliyyətinin qısa dövrü konstruktivizmi əhatə edir.