3-cü |
EV HEYVANLARI VƏ QUŞLARI ÜÇÜN YEM TƏDARÜKÜ TEXNOLOGİYASI |
Şəhərdən kənarda, xüsusən kənd yerlərində yaşayan hər bir sakinin həyətyanı təsərrüfatı vardır. Həmin təsərrüfatlarda ev quşları (toyuq, hindtoyuğu, ördək, qaz) və gövşəyən ev heyvanları (inək, qoyun, keçi, camış) bəslənilir.
Hər bir həyətyanı təsərrüfatın sahibi ev heyvanları və quşlarının sağlamlığında mükəmməl qidalanmanın necə böyük rol oynadığını yaxşı bilir.
Ev heyvanları və quşlara keyfiyyətli yem almaq üçün kifayət qədər pul xərcləmək lazımdır. Bu isə bir çox sahibkarın maddi imkanı xaricindədir.
Aşağıda göstərilən yemhazırlama texnologiyaları böyük təsərrüfat sahiblərinin köməyinə gəlir. Bu yemlər olduqca sərfəlidir və onlardan istifadə yemlənməyə xərclənən vəsaiti xeyli azaldır.
Gövşəyən ev heyvanları üçün yemin hazırlanması və tədarükü texnologiyası nədən ibarətdir? |
Ev heyvanları üçün ən çox istifadə olunan yem silosdur1 (şəkil 1). Silosun hazırlanma texnologiyası çox sadədir. Bunun üçün həcmi 100-500 litr və daha çox olan hermetik2 bağlanmış qab lazımdır. Bu məqsədlə dəmir-beton halqalar və taxta qəlibin köməyilə özümüz hazırlaya biləcəyimiz qutudan da istifadə etmək olar.
Əgər halqaların və ya qutunun hazırlanmasına imkan yoxdursa, istifadə vaxtı sona yetmiş istənilən çəllək götürülür. Onun daxilinə polietilen təbəqədən hazırlanmış şlanq qoyulub, doğranmış bitki qalığı ilə əsaslı surətdə doldurulur və ağzı bağlanılır.
Silosun keyfiyyəti qablaşdırmanın sıxlığından və hermetikliyindən çox asılıdır. Bitkidən olan xammalı daha sıx qablaşdırmaq üçün onu doğrayırlar. Doğranmış kütlə asan hamarlanır və yaxşı kipləşir.
1 Silos — bitkilərin yaşıl hissələrindən qıcqırma yolu ilə konservləşdirilmiş heyvan və quş yemi
2 Hermetik — kip (hava girməmək üçün kip bağlanmış)