9-cu |
ƏLVAN METALLARDAN MƏFTİLLƏR.
|
V sinifdə məftilin hazırlanması üsulları haqqında ətraflı danışmışıq. İndi bu mövzuda biliklərimizi bir qədər də zənginləşdirəcəyik.
Məftilin bir neçə növü var. Məftillər təkcə metalın növünə görə deyil, həm də diametrinə görə bir-birindən fərqlənir. Hər növ məftil rəngli rezin örtüklə üzlənə bilər.
Məftil hansı əlvan metallardan hazırlanır? |
Məftil mis, alüminium, sink, latun və s. müxtəlif əlvan metallardan hazırlanır. Əlvan metallardan hazırlanan məftil növləri və onların xarakteristikası ilə tanış olaq.
Mis məftil (şəkil 1, a) - qırmızımtıl-narıncı rəngə malikdir, vaxt keçdikcə oksidləşərək qaralır. Nazik mis məftil plastik və kövrəkdir. Bir yerdən bir neçə dəfə əyildikdən sonra qırılır. Toxuma və ya hörmə işlərində mis məftildən istifadə etmək daha məqsədəuyğundur. Lakin onu nəzərdə saxlamaq lazımdır ki, mis məftildən olan məmulatlar formasını pis saxlayır və asanlıqla deformasiyaya uğrayır.
Şəkil 1. Əlvan metallardan məftillər: a) mis; b) alüminium;
c) latun; ç) sink; d) nəbatatlı
Mis məftildən hazırlanan dekorativ işlərdə diametri 0,3 və 1 mm olan məftillərdən istifadə olunur.
Alüminium məftil (şəkil 1, b) - gümüşü ağ rəngdədir, parıltısı yoxdur və qaralmır, kifayət qədər yumşaqdır. Bu məftil müxtəlif işlərdə istifadə etmək üçün çox əlverişlidir, alətin köməyi olmadan asanlıqla əyilir və çəkiclə yaxşı yastılanır. Alüminium məftillə dekorativ işlər yerinə yetirərkən diametri 1,5-2 mm olan məftil seçmək daha məqsədəuyğundur.