18-ci |
BANKOMATIN QURULUŞU
|
Televiziya və internet kimi bankomatlar da insanın müasir həyatının ayrılmaz hissəsini təşkil edir. Hər birimizə aşağıdakı suallar ətrafında düşünmək maraqlı olar:
1. Bankomat nədir və o nə üçün nəzərdə tutulmuşdur? 2. Bankomatın quruluşu necədir? |
Bankomat müştərilərə plastik kartla və kartsız xidmət etmək üçün texniki proqram kompleksidir. Bankomatların əsas funksiyası nağd pulların verilməsi və qəbul edilməsidir.
Bankomat külli miqdarda əlavə bank avadanlığı qoşulmuş mexaniki-elektron qurğudur, yəni, sadəcə, kompüterdir (şəkil 1).
Təyinatına görə bankomatların ofis, küçə və divararası növləri var. Ofis bankomatları otaqlarda quraşdırılır, küçə bankomatları küçədə istifadə edilmək üçün nəzərdə tutulmuşdur, divararası bankomatlar isə binanın daxilində və yaxud xaricində arakəsmə arasında quraşdırılır.
Divararası bankomatı müştəri öz qarşısında ya tam şəkildə, ya da ancaq üz tərəfdən görür. Bu məhdudiyyət təhlükəsizliyi təmin etmək baxımından edilmişdir: əgər bankomatlar küçədə bütöv şəkildə yerləşdirilərsə, potensial cinayətkar üçün o əlçatan olar. Bundan başqa, pulun dəyişdirilməsində böyük təhlükələrlə qarşılaşmaq olar.
Bankomat iki əsas hissədən: yuxarı və aşağı hissələrdən ibarətdir (şəkil 2).
Bankomatın aşağı hissəsində pulların verilməsi üçün qurğu - dispenser yerləşdirilmişdir (qeyd etmək lazımdır ki, pulların verilmə pəncərəsi də dispenser adlandırılır). 1, 5, 10, 20, 50, 100 və 200 manatlıq nominallar üzrə çeşidlənmiş pullar 7 kasetdə dispenserə yüklənir.
İçərisində pul olan bu kasetlərdən başqa, bankomat tərəfindən çıxdaş edilmiş kupyurlar atılan səkkizinci kaset də var.