20-ci |
MƏİŞƏT KONDİSİONERİNİN1 QURULUŞU VƏ
|
Müasir dövrdə həyatımızı kondisionersiz təsəvvür etmək çətindir.
Kondisioner nədir? |
Kondisioner (ing. conditioner) - mənzillərdə, ofislərdə, nəqliyyatda və digər yerlərdə optimal iqlim şəraitini saxlamaq üçün nəzərdə tutulmuş cihazdır. Kondisioner istidə sərinliyi, soyuqda isə istiliyi tənzimləyir.
Bir sözlə, kondisioner — iqlim cihazıdır (şəkil 1).
“Havanın kondisiyalaşdırılması” anlayışının nə ifadə etdiyini və müasir kondisionerin, həqiqətən, nə edə biləcəyini araşdırmağa çalışaq.
“Havanı kondisiyalaşdırma2” — havanı mövcud mühit üçün lazımlı vəziyyətə gətirmək deməkdir. Deməli, kondisiyalaşdırma, ümumiyyətlə, “soyutma” demək deyil, həm də sərin havalarda “isitmə” kimi də qəbul edilə bilər.
“Kondisiyalaşdırma” anlayışı aşağıdakı funksiyaları əhatə edir: havalandırma, optimal temperaturun saxlanılması (soyutma və ya isitmə), rütubətin aradan qaldırılması (havanın qurudulması), havanın təmizlənməsi, havanın mənfi ionlar və oksigenlə doydurulması. Müasir kondisionerlər bu funksiyaların əksəriyyətini yerinə yetirir.
Təyinat xüsusiyyətlərinə əsasən kondisionerlər üç növə bölünür: məişət, yarımsənaye və sənaye.
1 Kondisioner — havanı kondisiyalaşdırmaq üçün cihaz
2 Kondisiyalaşdırma — standarta uyğunlaşdırma