21. Türk dünyası
İkinci Dünya müharibəsi illərində Türkiyə bitərəf ölkə kimi müharibə edən tərəflərlə, o cümlədən Almaniya və onun müttəfiqləri ilə ticarət və iqtisadi əlaqələr saxlayırdı. Sovet İttifaqı ilə sərhəd olan vilayətlərdə hərbi vəziyyət elan olunmuşdu. Beynəlxalq vəziyyətin dəyişməsini nəzərə alan Türkiyə 1945-ci ilin fevralında Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu addım Türkiyəni beynəlxalq aləmdə təcrid olunmaqdan xilas etdi. Müharibədən sonrakı illərdə Mərkəzi Asiya respublikaları isə Sovet İttifaqının əsas kənd təsərrüfatı məhsulları, xüsusən də pambıq istehsalı mərkəzi olaraq qalırdı.
Qazaxıstan. M.Qorbaçovun “yenidənqurma” xəttinin ilk qurbanı Qazaxıstan oldu. Qazaxıstan Kommunist Partiyası MK-nın birinci katibi D.Kunayev istefaya göndərildi. Onun yerinə qazax xalqına yad, milliyyətcə rus olan şəxs təyin edildi. Bu, qazax xalqının ciddi etirazına səbəb oldu, respublikada milli azadlıq hərəkatı başladı. 1986-cı ilin dekabrında Almatıda (o zaman Alma-Ata) qazax gəncləri etiraz nümayişinə çıxdılar. Sovet ordusunun müdaxiləsi nəticəsində min nəfərdən artıq qazax gəncinin qanı töküldü. Bu, ruslaşdırma siyasətinə qarşı çevrilmiş ilk açıq milli hərəkat idi.
SSRİ-nin ruslaşdırma siyasəti aparmaqda məqsədi nə idi?
Mərkəzi Asiya respublikaları. SSRİ-nin dağılması nəticəsində Qazaxıstan və Mərkəzi Asiya respublikaları müstəqillik qazandı. Rusiya bu respublikaları MDB tərkibinə daxil etməklə öz təsirində saxlamağa cəhd göstərsə də, müstəqil siyasət yeritməsinin qarşısını ala bilmədi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev XXI əsrin başlanğıcında Türkiyə və digər türk dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək xəttini uğurla davam etdirdi. Özbəkistan, Türkmənistan, Qırğızıstan respublikaları da müstəqil dövlətçiliyi möhkəmləndirmək yolunda böyük uğurlar qazandı. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov islamçı qüvvələrin respublikada dünyəvi hakimiyyəti sarsıtmaq cəhdlərinin qarşısını qətiyyətlə aldı.