23. Hindistan, Pakistan və Əfqanıstan
İkinci Dünya müharibəsinin sonlarına yaxın Hindistanda milli azadlıq hərəkatı genişləndi. Böyük Britaniya Hindistana dominion hüququ verməyə məcbur oldu. Dini əlamətlər əsas götürülməklə, Hindistan ərazisində iki dövlət – induizm dininə mənsub olan əhalinin çoxluq təşkil etdiyi Hindistan və əhalisi, əsasən, müsəlmanlardan ibarət olan Pakistan dövlətləri yaradıldı. İkinci Dünya müharibəsindən sonra Əfqanıstan isə monarxiya üsulu ilə idarə olunan, geridə qalmış, aqrar ölkə idi.
Hindistan. 1947-ci ildə uzunmüddətli mübarizə nəticəsində Hindistanda ingilis ağalığına son qoyuldu. Dini mənsubiyyətə görə ölkə Hindistan və Pakistana parçalandı. Hindlilər Cəvahirləl Nehru başda olmaqla, müvəqqəti hökumət təşkil etdilər. Lakin bu tam azadlıq deyildi. Elə ilk illərdən bu dövlətlərin bir-birinə qarşı ərazi iddiaları meydana çıxdı. Kəşmirə sahiblik uğrunda 1948-ci ildə Hindistan-Pakistan müharibəsi başladı. Əldə olunmuş razılığa görə, Şimal-Qərbi Kəşmir Pakistanın, qalan ərazi isə Hindistanın nəzarəti altına düşdü. Kəşmir sonralar da iki dövlət arasında qanlı hərbi toqquşmalara səbəb oldu. Pakistan Kəşmir məsələsinin beynəlxalq səviyyədə həll olunmasına çalışır, onu Hindistanın tərkib hissəsi kimi tanımırdı. Hazırda məsələ xeyli gərginləşdiyindən Hindistan Kəşmir əhalisinə qarşı zorakı münasibət göstərməkdədir.