26. Dünya xalqlarının mədəniyyəti
XX əsr və XXI əsrin əvvəlləri müharibələrlə yanaşı, mədəniyyətlə də tarixin yaddaşında qalıb. Müxtəlif xalqlarda mədəniyyətin inkişafı inteqrasiyaya səbəb oldu. Mədəniyyət yalnız elm, ədəbiyyat və incəsənətdən ibarət deyildir. Böyük türk filosofu Ziya Göyalp yazırdı: “Böyük millətlərin hər biri mədəniyyətin xüsusi bir sahəsində birincilik qazanmışdır... Türklər isə əxlaqda birincilik qazanmışlar”.
XX əsrin 20–30-cu illərində fizika və kimya sahəsində bir çox ixtiralar oldu. Elm və texnika sahəsində bir çox nailiyyətlər qazanıldı. Yüksəksürətli təyyarələrin istehsalına başlandı, televizor ixtira edildi. Bu nailiyyətlərin qazanılması fizika elminin inkişafı ilə bağlı idi. Fizika sahəsindəki tədqiqatlarına görə, A.Eynşteynə Nobel mükafatı verildi. Digər elm sahələrində də əsaslı yeniliklər baş verdi.
SSRİ-də 1957-ci ildə Yerin ilk süni peyki orbitə çıxarıldı. 1961-ci ildə isə ilk dəfə olaraq kosmosa insan uçdu. Bu, Yuri Qaqarin idi. 60-cı illərin sonunda Amerika astronavtı Neyl Armstronq Ayın səthinə enə bildi.
SSRİ-də 1957-ci ildə Yerin ilk süni peykinin orbitə çıxarılmasının, 1961-ci ildə isə ilk dəfə olaraq insanın kosmosa uçmasının ittifaq üçün əhəmiyyəti nə idi?
XX əsrin ikinci yarısında həm elmin inkişafı, həm də yeni kəşflərin istehsala tətbiqi əhəmiyyətli dərəcədə sürətləndi. Həm elmin, həm də texnikanın inkişafını sürətləndirən bu proses elmi-texniki inqilab (ETİ) adlandırıldı. Kompüter və telekommunikasiya texnologiyası daha da inkişaf etdi. Bu sahədə azərbaycanlı alim Lütfi Zadənin (Lütfi Ələsgərzadə) misilsiz xidmətləri olmuşdur.
Dövrün ictimai-siyasi hadisələri ədəbiyyat və incəsənət əsərlərində də bu və ya digər dərəcədə öz əksini tapdı.
Elmi-texniki inqilab dünya iqtisadiyyatına nə verdi? Münasibət bildirin.