II FƏSİL. ASİYA DÖVLƏTLƏRİ
3. Çin, Hindistan və Yaponiya
XIX əsrdə Çin, Hindistan və Yaponiyada hələ də feodal qaydaları mövcud idi. Böyük Britaniya Ost-Hind şirkəti vasitəsilə Çin və Hindistanla ticarət aparırdı. Dünyada hegemonluğu ələ almağa çalışan İngiltərə və ABŞ bu əraziləri öz təsir dairəsində saxlayır, onların sərvətini talayır, müstəmləkə siyasətini reallaşdırmaq üçün hər vasitəyə əl atırdı.
XIX əsrdə Çində mancur ağalığı və feodal qaydaları mövcud idi. Burada ingilislərin tiryək alverini getdikcə genişləndirməsi Çin hökuməti tərəfindən narazılıqla qarşılandı və hökumətin xüsusi nümayəndəsi Kanton şəhərinə gələrək bütün tiryəki müsadirə edib yandırdı. Bundan
narazı qalan Böyük Britaniya 1840-cı ildə Çinə qarşı Birinci Tiryək müharibəsinə başladı. Yaxşı təlim görmüş ingilis qoşunu Kantonu mühasirəyə aldı. ABŞ İngiltərənin apardığı müharibənin ədalətli olduğunu elan edərək öz eskadrasını Çin sahillərinə göndərdi. Qüvvə və silah üstünlüyünə malik olan ingilislər vahid komandanlığı və döyüş planı olmayan, zəif silahlanmış çinliləri məğlubiyyətə uğratdılar. 1842-ci ildə Çin Nankin sülh müqaviləsini imzalamağa məcbur oldu. Müqavilənin şərtlərinə görə, ingilislərə Çinin 5 liman şəhərində konsulluq açmaq və ticarət etmək hüququ verildi. Həmçinin xarici dövlətlər Çində məskənlər yaratmaq, qoşun saxlamaq hüququ aldılar. Birinci Tiryək müharibəsi Çinin yarımmüstəmləkəyə çevrilməsinin başlanğıcı oldu.
Nankin sülh müqaviləsinin şərtlərini təhlil edin. Sülhün Çin üçün nəticələrini müəyyənləşdirin.