6. Rusiya
XIX əsrin əvvəllərində Rusiya ərazisinə görə dünyanın ən böyük dövlətinə çevrilsə də, inkişaf baxımından Qərbi Avropa ölkələrindən geridə qalırdı. 1801-ci ildə saray çevrilişi nəticəsində I Pavel öldürüldü və oğlu I Aleksandr (1801–1825) taxta çıxarıldı.
I Aleksandr atası tərəfindən zadəganlara qarşı yönəlmiş bütün məhdudiyyətləri aradan qaldırdı. Kəndli məsələsinin gərginliyini zəiflətmək üçün “azad taxılçılar” haqqında fərman verdi. Fərmana əsasən, mülkədarlar pul alıb kəndliləri torpaqla birlikdə azad edə bilərdilər. Bu, təhkimçiliyin ləğvinin mümkünlüyünün rəsmi etirafı idi.
1810-cu ildə ali idarəetmə və çarın yanında məşvərətçi orqan – Dövlət Şurası yaradıldı.
I Aleksandrın hakimiyyətə gələn kimi həyata keçirdiyi tədbirlərin əhəmiyyətini qiymətləndirin.
I Napoleon ordusu üzərində qələbədən sonra Qərbi Avropa ölkələri ilə tanış olan rus zabitləri bir sıra mütərəqqi cəmiyyət və təşkilatlar yaratdılar. Onlar I Aleksandrın ölümündən sonra, 1825-ci il dekabrın 14-də taxta çıxacaq I Nikolayın andiçmə mərasimində çevriliş etmək istəyirdilər. Lakin zabitlər Senat meydanına toplaşana qədər andiçmə mərasimi həyata keçirilmişdi. Buna görə də I Nikolaya sadiq qüvvələr üsyançıları darmadağın etdilər. Dekabr ayında baş vermiş bu hadisə tarixə “Dekabristlər üsyanı” adı ilə daxil oldu. Dekabristlər üsyanı Rusiyada inqilabi hərəkatın başlanğıcı idi.