İslahat kəndlilərin icmadan çıxmasına icazə verir, narazı yoxsullar və ortabablar Sibirə, Mərkəzi Asiyaya, Cənubi Qafqaza köçürülürdülər. İslahatlar nəticəsində kənddə təbəqələşmə prosesi gücləndi.
7. Amerika Birləşmiş Ştatları
ABŞ-ın yaranması Amerika qitəsində yeni dövlətçilik ənənələrinin əsasını qoydu, müstəmləkəçiliyə ciddi zərbə vurdu. C.Vaşinqtonun əsasını qoyduğu müstəqil dövlətçilik prinsipi inkişaf etdirildi. Bununla yanaşı, Avropa dövlətləri arasındakı ziddiyyətlər, ölkənin Avropa və Asiyadan kənarda yerləşməsi, qitədə ona rəqibin olmaması ABŞ-ın ərazisinin genişlənməsini təmin etdi.
XVIII əsrin ikinci yarısında müstəqil dövlətin yaranması, hərbi xərclərin az olması, geniş münbit torpaqlar və bol faydalı qazıntılar ABŞ-da iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaratdı. Avropadan gələn mühacirlərin sayı artdı. ABŞ gəmiçiliyin inkişafına görə İngiltərədən sonra dünyada ikinci yeri tutdu. 1800-cü ildə prezident seçilən Tomas Cefferson ölkəni möhkəmləndirmək üçün tədbirlər həyata keçirdi. O, seçki senzini ləğv etdirdi, borclular və məhbuslar üçün humanist qanunlar qəbul etdi.
T.Ceffersonun bu tədbirləri həyata keçirməsinə səbəb nə idi?
ABŞ-ın Böyük Britaniyanın Şimali Amerikadakı mülklərini ələ keçirmək cəhdi 1812-ci ildə yeni müharibəyə səbəb oldu. İki ilə yaxın davam edən müharibə 1814-cü ildə Belçikada Gent müqaviləsinin imzalanması ilə başa çatdı. Müqaviləyə görə, İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaqdan, ABŞ isə Kanadaya iddiasından əl çəkdi. Bu müharibə ABŞ tarixində İkinci İstiqlaliyyət müharibəsi adlanır. Müharibənin gedişində yerli hinduların bir hissəsi məhv edildi, qalanlar isə Missisipi çayından qərbdə onlar üçün ayrılmış xüsusi ərazilərə köçürüldü.