Öhdəlikləri yerinə yetirmək bu dövlətlər üçün nə dərəcədə inandırıcı idi?
1920-ci illərdən ABŞ beynəlxalq münasibətlərdə təcridçilik siyasəti yeridirdi. Məhz bu xətt dünya siyasətində Böyük Britaniya və Fransanı aparıcı etdi. Lakin müharibədə zəif düşmüş həmin dövlətlər bu vəzifəni axıra qədər yerinə yetirmək iqtidarında olmadı.
11. Almaniya və İtaliya
Birinci Dünya müharibəsində dünyanı fəlakətə və dağıntılara aparan Almaniya tarixinin yeni mərhələsinə iqtisadiyyatı dağılmış vəziyyətdə daxil oldu. İtaliya isə qalib dövlətlər içərisində ümidləri puça çıxmış bir dövlətə çevrildi.
Almaniya. Birinci Dünya müharibəsindən məğlub və iqtisadiyyatı dağılmış vəziyyətdə çıxmış Almaniya öz “qəddini düzəltməyə” başladı. 1918-ci ilin noyabrında Almaniyada monarxiya devrildi. Növbəti ildə Veymar şəhərində toplanan Müəssislər Məclisi Almaniyanın konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə, Almaniya federal quruluşlu, parlamentli prezident respublikası elan edildi. Qalib dövlətlər arasındakı ziddiyyətlərdən istifadə edən Almaniya Sovet Rusiyası ilə müqavilə imzaladı. Qərb ölkələri Almaniyada sabitlik yarandıqdan sonra onun iqtisadi cəhətdən dirçəlməsinə kömək etməyə başladı. “Reyn Təminat Paktı” Almaniyanın dirçəlməsinə kömək etdi. Bu pakt müharibədən sonra Almaniyanın bərabərhüquqlu tərəfkeş kimi tanınmasında ilk addım oldu. 1926-cı ildə Almaniya Millətlər Cəmiyyətinə qəbul edildi.