I BÖLMƏ. DÜNYA ÖLKƏLƏRİ XIX ƏSRDƏ VƏ
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
I FƏSİL. TÜRK DÜNYASI. QACARLAR İRANI VƏ QAFQAZ
1. Osmanlı imperiyası. Qacarlar İranı
XIX əsrin əvvəllərində Yaxın Şərqdə iki türk sülaləsinin: Osmanlı və Qacarların hökmranlığı davam edirdi. Avropa və Rusiya siyasi maraqlarında olan bu dövlətləri çökdürmək üçün hərb yolunu seçmişdi. Eyni vaxtda bu sülalələrin idarəçiliyindən narazı qalan xalq da etiraz səsini qaldırmağa başladı.
Osmanlı imperiyası. XIX əsrin əvvəllərində Osmanlı imperiyası dərin böhran keçirirdi. Osmanlı ordusunu Avropa qaydasında qurmaq istəyən Sultan III Səlim qətiyyətsizlik göstərərək hərbi islahatları dayandırdı. Fransa imperatoru I Napoleonun apardığı işğalçı müharibələr Osmanlı sultanını Rusiya ilə yaxınlaşdırdı. Lakin Rusiyanın Valaxiya və Moldovaya hərbi müdaxiləsi Osmanlı sultanının Fransaya meyil etməsinə gətirib çıxardı. Rusiya qoşunlarının həmin əraziləri tutması Osmanlı dövlətinin Rusiyaya müharibə elan etməsinə səbəb oldu. Osmanlı sultanının Fransanın köməyi ilə Krımı qaytarmaq cəhdi də baş tutmadı. 1812-ci ilin mayında Rusiya ilə Buxarest sülhü imzalandı. Sülhün şərtlərinə görə, Dunay çayında rus gəmilərinin hərəkətinə icazə verildi. Moldova və Valaxiya Osmanlı imperiyasının tərkibində qaldı.
Buxarest sülhünün şərtlərini müzakirə edin. Bu şərtlərin Osmanlı imperiyası üçün nəticələrini izah edin.
“Osmanlı imperiyası inzibati sahədə həyata keçirilən islahatlarda Fransanı nümunə götürmüşdü. XVIII əsrdə dövlətin inzibati mərkəzinə çevrilən Osmanlı hökumətində işçilərin sayı min beş yüz nəfərdən XIX əsrin sonunda on min nəfərə çatdı. Artıq Osmanlı dövləti Avropa dövlətləri kimi bürokratik bir quruluşa sahib idi. XIX əsrdə Osmanlı imperiyasının bürokratik quruluşu islahat keçirmək istəyən dövlət adamları üçün ən böyük maneə oldu”.
Robert Mantran. Osmanlı İmparatorluğu Tarihi. c. II. İstanbul, 2011, s. 77.