V FƏSİL. ASİYA ÖLKƏLƏRİ
14. Qafqaz və Türk dünyası
Oktyabr çevrilişindən sonra Qafqaz regionunda bir çox dəyişikliklər baş verdi. Çar Rusiyasının əsarətində qalmış bu xalqlar öz müstəqilliklərini əldə etməyə can atırdılar. Artıq siyasi oyanış baş vermişdi. Belə bir şəraitdə azərbaycanlılar, gürcülər və ermənilər öz məqsədlərinə çatmağa çalışırdılar
Qafqaz. 1917-ci il Oktyabr çevrilişindən sonra Qafqazın ictimai-siyasi qüvvələri bölgəni idarə etmək üçün noyabrda Cənubi Qafqaz Komissarlığı yaratmağı qərara aldılar. Komissarlığın tərkibinə gürcü, azərbaycanlı, erməni və rus nümayəndələri daxil idi. Hökumətin ən böyük uğuru dekabrda Qafqaz cəbhəsində hərbi əməliyyatların dayandırılması haqqında Ərzincan barışığının imzalanması oldu. Cənubi Qafqazda demokratik hərəkatın yüksəlməsi 1918-ci ilin fevralında Cənubi Qafqaz (Zaqafqaziya) Seyminin yaradılmasını labüd etdi. Lakin Seymdəki gürcü-erməni çoxluğu Qafqazın müxtəlif yerlərində müsəlman-türk əhaliyə qarşı erməni hərbi birliklərinin törətdiyi qətl və qarətlərə, o cümlədən mart-aprel aylarında daşnak–bolşevik qüvvələrinin Azərbaycanda həyata keçirdiyi soyqırımına biganə qaldı.