VI FƏSİL. İKİNCİ DÜNYA MÜHARİBƏSİ
16. İkinci Dünya müharibəsinin başlanması
XX əsrin 30-cu illərində dünya dövlətləri arasında mövcud nüfuz dairələrini, xammal və satış bazarlarını yenidən bölüşdürmək uğrunda mübarizə gücləndi. Versal-Vaşinqton sisteminin şərtlərindən narazı olan Almaniya, Yaponiya və İtaliyada qisasçılıq meyli artmışdı. SSRİ isə Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzaq Şərqdə nüfuz dairəsini genişləndirməyə çalışırdı. Böyük Britaniya, Fransa və ABŞ öz mövqeyini qoruyub saxlamağa səy göstərirdi.
İkinci Dünya müharibəsinin səbəblərindən biri də liberal-demokratik dövlətlərin totalitar rejimləri: faşizm və kommunizm rejimlərini bir-birinə qarşı qoyub zəiflətmək və məhv etmək cəhdi idi. SSRİ tərəfindən faşizm təhlükəsinin lazımınca qiymətləndirilməməsi də müharibənin mühüm səbəblərindən idi. İkinci Dünya müharibəsi təcavüzə məruz qalmış dövlətlər istisna olunmaqla, bütün tərəflər üçün ədalətsiz xarakter daşıyırdı.
İkinci Dünya müharibəsinin səbəblərini Versal-Vaşinqton sisteminin nəticəsi kimi xarakterizə edin.
Müharibə 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başladı. Polşa qoşunları məğlub oldu. Polşa hökuməti ölkəni tərk etmək məcburiyyətində qaldı. Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etsə də, 1940-cı ilin mayına kimi ona qarşı fəal hərbi əməliyyatlar aparmadı. Buna görə də bu dövr tarixə “Qəribə müharibə” adı ilə daxil olmuşdur. Bu zaman yaranmış vəziyyətdən istifadə edən sovet rəhbərliyi Polşanın şərq torpaqlarını ələ keçirdi. SSRİ ilə Almaniya arasında imzalanmış “Dostluq və sərhədlər haqqında” müqaviləyə görə, Polşa ərazisinin bölüşdürülməsi rəsmiləşdirildi. Təcavüzkar hərəkətlərinə görə SSRİ Millətlər Cəmiyyətindən çıxarıldı.