Torpağımız tarixən “Odlar diyarı" adlandırılıb. Qədimdə Azərbaycanın bir çox yerlərində qaz ehtiyatları torpağın üst qatına çox yaxın yerləşirdi. Bu səbəbdən qaz yerin üzünə çıxaraq öz-özünə yanırdı. Qədim səyyahlardan biri yazırdı ki, Xəzər dənizi sahilindəki qayalardan daim alov yüksəlirdi. Abşeron yarımadasının bir çox başqa yerlərində yanar qazların yer səthinə çıxmasını başqa müəlliflər də qeyd etmişlər. Bu günün özündə də Bakının yaxınlığındakı Yanardağ deyilən yerdə bu təbiət hadisəsinin şahidi oluruq.
Qədimdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəst idi və oda sitayiş edirdi. Ölkə ərazisində çoxlu miqdarda atəşpərəstlik məbədləri var idi. Onlardan biri indiyə qədər də qalmaqdadır. “Atəşgah” adlanan bu tarixi abidə Suraxanıdadır. “Suraxanı” sözü mənşə etibarilə iki sözdən ibarətdir: “surax”- fars və tat dillərində çala, çuxur, oyuq, deşik, “xanı” isə mənbə, qaynaq, çeşmə deməkdir. Alimlərin fikrincə, Suraxanı "oyuqdan qaynayıb daşan, fəvvarə vuran” deməkdir.
Suraxanı Atəşgahı atəşpərəstlərin ən müqəddəs ziyarətgahı hesab edilirdi. Zəvvarlar dünyanın müxtəlif ölkələrindən ocağa ziyarətə gəlirdilər. Məbədin kahinləri müqəddəs alovu gün ərzində tez-tez yoxlayıb onu sönməyə qoymurdular. Bu ənənə ərəb istilasına qədər davam etdi. Azərbaycanın əhalisi islamı qəbul etdikdən sonra atəşpərəstlərin ibadətgahı unuduldu. Öz dinindən dönmək istəməyənlər isə təqib olunduğundan ölkəni tərk etdilər. Nəticədə ibadətgah baxımsızlıqdan uçub dağıldı.
Orta əsrlərdə Böyük İpək yolu ilə müxtəlif ölkələrdən Abşerona tacirlər gəlirdilər. Onların arasında hind tacirləri də var idi. Hindistanda atəşpərəstlik dini geniş yayılmışdı. Suraxanı məbədi möcüzəli od-alovu ilə hind atəşpərəstlərini cəlb edirdi. Atəşpərəstlərin davamlı şəkildə buraya gəlməsi daha böyük məbədin tikilməsi ilə nəticələndi. Beləliklə, XVII-XIX əsrlər arasında Suraxanıda Atəşgah tikildi.