Zəvvarların burada qalması və ibadət etməsi üçün 24 hücrə və karvansara tikilmişdi. Buraya ibadətə gələn atəşpərəstlər 3-4 nəfər bir hücrədə qalmaqla ibadət edər, uzun müddət hücrələrdən çıxmaz, yalnız su və düyü ilə qidalanardılar. Məbədin mərkəzində 4 tərəfdən girişi olan əsas ibadətgah yerləşir. Bu tərəflər dörd ünsürün - od, su, torpaq və havanın rəmzidir. Hücrələrdəki hind dilində yazılmış daş kitabələr sübut edir ki, vaxtilə Suraxanı Atəşgahı hind zəvvarları tərəfindən ən çox ziyarət edilən atəşpərəstlik məbədi olmuşdur.
Hazırda buradakı ocaq süni şəkildə - borularla ötürülən qaz vasitəsilə yandırılır. Çünki vaxtilə Atəşgahın lap yaxınlığında tikilmiş neft mədənlərinin fəaliyyəti nəticəsində bu ərazidəki təbii qaz ehtiyatları tükənmişdir.
Bir çox səyyahlar, yazıçılar, rəssamlar Suraxanı Atəşgahında olmuş, öz xatirələrində bu möcüzə ilə bağlı təəssüratlarını yazmışlar. Məşhur fransız yazıçısı Aleksandr Düma özünün "Qafqaz səfəri" adlı əsərində Suraxanıdakı Atəşgahı çox gözəl təsvir edib: "Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Külək əsdikcə alov dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğatək yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə təsəvvür yaranırdı ki, külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-biri ilə əlbəyaxa olur. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmirdi".
Hazırda Atəşgahın yerləşdiyi ərazidə "Atəşgah məbədi" Dövlət Tarix- Memarlıq Qoruğu fəaliyyət göstərir.