Lakin zaman keçdikcə çoxsaylı hücumlar nəticəsində şəhərin bayır divarları dağıdıldı. Hazırda mövcud olan qala divarları İçərişəhərin daha qədim olan daxili divarlarıdır.
Şəhərə Şamaxı və Salyan darvazalarından daxil olmaq mümkün idi. Lakin arxeoloqlar İçərişəhərdə tarixi abidələrin altından keçən və şəhərdən kənara çıxan yeraltı keçidlər də aşkar etmişlər. Bu yeraltı yollar müharibələr zamanı şəhərin uzunmüddətli mühasirələrə davam gətirməsinə kömək etmişdir.
1806-cı ildə şəhər əhalisi çoxsaylı rus ordusunun Bakıya hücumu qarşısında tab gətirə bilmədi və rus generalı Sisianovun qarşısına duz-çörəklə çıxdı. Knyaz Sisianov ona təqdim olunan duz-çörəyi qəbul etdi. Amma onun fikri bakılıları alçaltmaq idi. Ona görə də tələb etdi ki, şəhər açarını Bakının hakimi Hüseynqulu xan şəxsən özü ona təslim etsin. Bakı xanı bunu özünə qarşı təhqir hesab etdi. Nəticədə görüş zamanı istilaçı rus generalı qətlə yetirildi.
İçərişəhərin ən möhtəşəm abidəsi Şirvanşahlar sarayıdır. Bu saray kompleksi 1420-ci ildə tikilməyə başlamış və 30 ilə hissə-hissə tikilib başa çatdırılmışdır. Kompleks onlarla otaq, divanxana, məscid, türbə, ovdan və hamamdan ibarətdir.
Dəniz sahilinə yaxın yerləşən Qız qalasının da tarixi şəhər qədər qədimdir. Bu yaxınlara qədər qalanın XII əsrdə tikildiyi iddia edilirdi. Lakin tarixçilərin və arxeoloqların araşdırmaları nəticəsində məlum oldu ki, qalanın tarixi daha qədim dövrə gedib çıxır. İndi bəzi alimlər onun V-VI əsrlərə aid olduğunu deyir.
Qız qalası yaxınlığında yerləşən Məhəmməd məscidi dövrümüzə qədər gəlib çatmış ən qədim məscidimizdir. Məscidin daşlarına həkk olunmuş yazıdan bəlli olur ki, o, XI əsrdə tikilmişdir. Məhəmməd məscidinə xalq arasında Sınıq qala məscidi də deyirlər. 1723-cü ildə Bakı şəhəri rus ordusu tərəfindən top atəşinə tutularkən mərmi məscidin minarəsini zədələmişdi. Lakin zədəyə baxmayaraq, minarə uçmamışdı. Məscidin möhkəmliyini nümayiş etdirmək məqsədilə şəhər əhalisi uzun müddət minarəni təmir etməmiş və məscidi “Sınıq qala” adlandırmışdı.
Tarixi abidələrlə zəngin olan İçərişəhər kompleksi 1977-ci ildə tarix- memarlıq qoruğu statusu almışdır.