Məqbərə öz formasına görə onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində gözəl xətlə Qurandan ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən bir metr hündürlükdə olan bu yazı məqbərənin bəzəyi sayılır. Türbənin memarlıq üslubu zərifliyi ilə diqqəti cəlb edir. Bu da abidənin qadın şərəfinə ucaldılmasından xəbər verir.
Tədqiqatçı memarlar Möminə xatun türbəsini Hindistan memarlığının ölməz incisi Tac-Mahalla müqayisə edirlər. Dünyanın 8-ci möcüzəsi sayılan bu kompleks də türk hökmdarı Cahan şahın vəfat etmiş xanımı - Mümtaz Mahalın şərəfinə tikilmişdir (1648-ci il).
Əcəminin yaradıcılığı uzun əsrlərboyu Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış böyük türk memarı Sinanın əsərlərində də dahi ustadın təsiri hiss olunur.