-Ağa Musa, varidatına iki milyon verirəm. Sat, alım.
-Atam, atam, mənim əlli milyon manatlıq varidatımı iki milyona almaq istəyirsən?! - deyə Ağa Musa hirslənir, sonra birdən dediyi sözə peşman olub Hacının evini tərk edir.
Bir müddət sonra Musa Nağıyevin sifarişi ilə Bakının qala divarlarının qərb tərəfində möhtəşəm bir bina ucaldıldı.
İsmailiyyə xalqımızın həyatında baş vermiş bir çox tarixi hadisələrin şahidi olmuşdur. Bina ictimai məqsədlər üçün tikilmişdi. O zaman bu, böyük hadisə idi. Ölkədə ilk dəfə olaraq xeyriyyə təşkilatları, ədiblər və ictimai xadimlər üçün bina tikilib istifadəyə verilmişdi. Bu bina o dövrdə Azərbaycan ziyalılarının mədəniyyət mərkəzi idi. Azərbaycanın müstəqillik ideyaları da ilk dəfə məhz bu binada səslənmişdi.
Binanın layihəsi əslən polyak olan Ploşko tərəfindən hazırlanmışdı. Polşalı memar Bakıda milyonçuların sifarişi ilə bir çox binaların layihəsini vermişdi. Onun ən böyük arzusu şəhərin mərkəzində Azərbaycanın milli ornamentləri ilə bəzədilmiş əzəmətli bina tikmək idi. Musa Nağıyevin sifarişi bu arzunu gerçəkləşdirdi. Binanın divarlarına vurulmuş milli naxışlar öz gözəlliyi ilə indi də hamını heyran edir.
1918-ci il martın 31-də bina ermənilər tərəfindən yandırıldı. İsmailiyyənin yandırılması Musa Nağıyevin ağır iztirablarına səbəb oldu. Oğlu İsmayılın şərəfinə sarayın foyesində ucaltdırdığı möhtəşəm heykəl ermənilər tərəfindən məhv edilmiş, divarların yuxarı hissəsində həkk edilmiş Qurani-Kərimdən ayələr silinmişdi.
Sonralar bina bərpa olundu. Bu gün İstiqlaliyyət küçəsində yerləşən Elmlər Akademiyasının binasına bir çox bakılılar indi də köhnə adı ilə “İsmailiyyə” deyirlər. Milyonçu Musa Nağıyev erkən vəfat etmiş oğlu İsmayılı xalqın yaddaşında məhz bu əzəmətli bina ilə əbədiləşdirdi.