O bilirdi ki, rəssamlığa həvəsim var. Dedi ki, dağların rəsmini çəkim. Mən bu təklifə çox sevindim. Həvəslə işə başladım. Rəsmi bitirəndən sonra babama göstərdim. Çox bəyəndi və qürurla söylədi:
- Bala, bu dağlar, meşələr vətənimizin bir parçasıdır. Onların dəyərini böyüdükcə daha yaxşı dərk edəcəksən. Bu rəsmi gözəl çəkmisən. Onu bu yay mövsümündən yadigar saxla.
Otağıma gedib yazı stolumun ən aşağı siyirməsində saxladığım köhnə rəsm albomlarımı çıxardım. Həmin albomu tapdım. İllər öncə çəkdiyim şəklə baxdım. Əlbəttə, ali savadlı gənc rəssam kimi indi mən bu işin sənətkarlıq baxımından güclü olmadığını başa düşürdüm. Amma şəkil məndə o qədər xatirələr oyatdı ki...
Axşam bütün ailə süfrə başına toplaşmışdı. Babamın yaxın dostu Adil əmi də qonağımız idi. Xocalıdakı xəstəxanada uzun müddət bir yerdə işləmişdilər. İndi oturub söhbət edir, olub-keçənləri xatırlayırdılar.
Atam, anam, Adil əmi babamı təbrik edir, xoş sözlər söyləyirdilər. Mən də öz növbəmdə babama yaxınlaşıb ad günü münasibətilə onu təbrik etdim, albomu ona verdim. Babam albomu açıb içindəki rəsmə baxdı. Hiss etdim ki, birdən-birə əhvalı dəyişdi. Qəhərləndiyi üçün əvvəlcə danışa bilmədi. Bir neçə dəqiqə susduqdan sonra sözə başladı:
- Bu dağların rəsmini qoruyub saxladığın üçün sağ ol, oğlum. İndi Xocalı düşmən işğalı altındadır. O soyuq fevral gecəsində nə qədər günahsız körpə, qadın, qoca vəhşicəsinə öldürüldü. Bura gələn ili o dəhşətləri görən nənən də dözə bilməyib dünyasını dəyişdi. İndi bu dağlara baxdıqca Xocalımı - doğma yurdumu bir daha xatırladım. İnanıram ki, vaxt gələcək, sən Xocalıya gedəcəksən, oranın mənzərəsi ilə bağlı gözəl əsərlər yaradacaqsan.
Mən babamı qucaqlayıb dedi
- Əlbəttə, baba, mütləq yaradacağam