...Biz meşənin içi ilə maşın yolu qurtarana qədər getdik. Burada kiçik bir tala var idi. Atamgil çadırları bu talada qurmağı qərara aldılar. Biz yükləri boşaltmağa başladıq.
Buralar füsunkar idi. Ağacların yarpaqları yavaşca xışıldayır, quşlar cəh- cəh vurur, yaxından axan çayın şırıltısı eşidilirdi. Mənim atama çoxlu sualım var idi: “Bərkdən səsi gələn o quşun adı nədir? Bu meşədə hansı heyvanlar var? Burada ilan olurmu? Çay uzaqdadırmı?..” Amma heç nə soruşmadım. Böyüklər ətrafa fikir vermədən elə ciddi görkəmlə işləyirdilər ki, sanki gündəlik işlərini görürdülər. Mən də onlara mane olmaq istəmədim.
Axşamayaxın işləməkdən, ora-bura qaçmaqdan ayaqlarım və qollarım ağrıyırdı. Həsrətlə çadırda uzanacağım anı gözləyirdim.
Birdən-birə göyün üzünü qara buludlar aldı, meşəyə qaranlıq çökdü. Qatı zülməti yalnız ildırım öz parlaq işığı ilə arabir yarırdı. Bir azdan yağış başladı və hərə öz çadırına dağılışdı...
Gecənin bir vaxtı atam ildırım səsinə yuxudan oyanıb mənə baxdı:
- Sən niyə yatmırsan? - deyə yavaşca soruşdu.
- Ona görə ki ildırım çaxır, külək vıyıldayır, ağaclar cırıldayır, yağış çadırı döyəcləyir. Mən qorxuram, ata.
- Nə danışırsan, oğlum?! Bütün bunlar yalnız təbiətin simfoniyasıdır. Bu səsləri başqa cür adlandırsan, mütləq onu eşidərsən.
- Başqa cür, necə? - deyə təəccüblə soruşdum.
- Bir diqqətlə qulaq as! İldırım sanki səma təbilləridir. Ağaclar böyük skripkalar kimi çalır. Külək min cür müxtəlif səslə oxuyur. Yağış öz simlərini göydən yerəcən uzatmış nəhəng arfaya bənzəyir. Otlar da bu qəribə konsertə valeh olaraq xışıldayır. Bütün bunlardan isə mənim sənə dediyim təbiət simfoniyası yaranır.
Mən meşənin sehrli simfoniyasını heyranlıqla dinləyərək yavaş-yavaş yuxuya getdim.