Tez Bozları harayladım. İt səsimi eşidən kimi qaçıb gəldi. Bərk ləhləyirdi. Nədənsə həyəcanlı idi. Gözlərini məhəlləmizin qabağındakı təpədən çəkmirdi. İti evə salıb uşağın boş beşiyini göstərdim, dönə-dönə beşikdəki uşağı, onun necə ağlamasını yamsıladım, sonra da əmr etdim:
-Axtar, Bozlar, axtar, tap uşağı. Tez tərpən!..
Bozlar hürərək məni arxasınca apardı. Uşağı evimizin qabağındakı təpənin başında tapdım. Sağ-salamat idi. Mışıl-mışıl yatırdı. Onu qucağıma alıb evə gətirəndə it zingildəməyə, hürməyə başladı. Ayaqlarıma dolaşır, yeriməyə imkan vermirdi. Əvvəl bunu hədsiz sevinməsi kimi qəbul etdim.
Öz-özümə elə hey fikirləşirdim ki, görəsən, bu kimin işidir? Kimdir mənə sataşan?..
Aradan heç yarım saat keçmədi, uşaq bir də yoxa çıxdı. Küçəyə çıxanda gördüm ki, təpəyə doğru bir qaraltı sürünür. Bu, Bozlar idi. Ağzında da bizim bu Nuryağdı. İtin hərəkətinə lap mat qalmışdım. İndiyə qədər kandardan içəri qədəm basmayan itdə bu cürət hardandı?..
Nə başınızı ağrıdım, körpəni gətirib beşiyə qoydum. Qapını da bərkbərk bağladım ki, it içəri girə bilməsin. Öz-özümə fikirləşdim ki, gərək sabah Bozları baytara aparım. Bəlkə, yazıq qudurub?!
Bütün gecəni itin səsindən yata bilmədik. Qapının ağzını kotan kimi eşib dağıdırdı. Dəhşətli ulartısı adamın iliyinə işləyir, beynini yerindən oynadırdı. Axır ki, gecədən xeyli keçmiş balışı qulağıma tutub yuxuya getdim.
Qəfildən təpəmə dəyən tirin müdhiş ağrısına oyandım. Əlimi başıma apardım. Al qan içində idi. Elə bu vaxt gördüm, nəsə köynəyimi dartışdırır. Bozlar idi, mənə kömək etmək istəyirdi. Bir az aralıda, tirlərin altında arvadım zarıyırdı. Ətrafda, qonum-qonşuda arvad-uşağın çığırtısı ərşə çıxmışdı.
Əvvəl heç nə başa düşmədim. Yavaş-yavaş özümü toplayıb ayağa durdum, arvadımı tirlərin arasından çıxardım. Şükür, salamat idi. Ev isə tamam dağılmışdı.
Birdən körpəmizi xatırlayıb öz dərdimizi unutduq. Arvad şivən qopardı. Evin altını üstünə çevirsəm də, uşağı tapmadım. Bayaqdan bəri kənardan mənə göz qoyan Bozlar nəsə axtardığımızı sanki birdən başa düşdü.