Əlbəyaxa savaşda Romul Remi öldürür və şəhəri öz adı ilə Roma adlandırır. Bu şəhərin dəqiq yaradılma tarixi də məlumdur - e.ə. 753-cü il, 21 aprel. Uzun müddət ərzində Romada tarix bu şəhərin yaradılma günündən hesablanıb.
Yeni yaranmış Romada adam çox az idi. Ona görə də Romul hamını öz himayəsi altına alır. Öz ağasından qaçmış qullar, ata-anasından inciyən cavanlar, yaşadığı şəhərin hökmdarından narazı olan şəxslər və hətta yoldan ötən avaralar bu azad şəhərə pənah gətirirlər.
Romul şəhər sakinlərini iki təbəqəyə bölür - patrisilərə və plebeylərə. Latınca “patrio” - ata, “plebs” - kütlə, rəiyyət deməkdir. Öz ata-anasını tanıyanlara və əcdadları məlum olanlara patrisi, digərlərinə isə plebey deyirdilər. Ən hörmətli patrisilər ağsaqqallar şurasına - senata seçilirdilər. Senatın vəzifəsi öz məsləhətləri ilə hökmdara kömək etmək idi.
Romul qoşun yaradıb onu dəstələrə - legionlara bölür. Beləliklə, o, güclü bir şəhər-dövlətin əsasını qoyur. Sonralar "əbədi şəhər" adlandırılan Roma belə yaranır.