On yeddi yaşı olanda elmi dairələrdə İbn Sinanı nüfuzlu alim kimi qəbul edirdilər. Böyük hökmdarlar onu öz saraylarına şəxsi həkim kimi dəvət edirdilər. Lakin müdrik alim saraydan uzaq durmağa çalışır, elmi araşdırmalarla məşğul olmağa üstünlük verirdi. Buna görə də o, hökmdarların təqiblərinə məruz qalırdı.
Deyilənə görə, İbn Sina xəstəliyə düçar olmuş Həmədan əmirini sağaltdığına görə vəzir vəzifəsinə təyin olunmuşdu. Lakin paxıl əyanların böhtanlarına inanan əmir İbn Sinanı Həmədandan sürgün etdirir. Bundan 40 gün sonra Həmədan əmirinin xəstəliyi yenidən şiddətlənir və o, İbn Sinanı tapıb xahiş edir ki, saraya qayıdıb onun müalicəsini sona çatdırsın.
İyirmi yaşı olanda artıq İbn Sina bir neçə kitabın müəllifi idi: “Təbiət elmlərinə aid geniş ensiklopediya”, “Etikaya dair kitab” və s. Ən məşhur kitabı isə “Qanun ət-tibb” adlanır. Bu kitab qısa müddətdə “Qanun” adı ilə məşhurlaşaraq bütün dünyada tibb ensiklopediyası kimi qəbul edilir. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr edilən kitab “İncil”, ikincisi isə “Qanun” olub. Avropada beş əsrdən artıq bir müddətdə tibbi bu kitabdan öyrəniblər.