...Divardakı qarışqa yerində sürüşməkdən yoruldu və sağa yönəldi. Bir qədər gedib dayandı. Yenə üzünü yuxarı çevirdi, bığcıqlarını ora-bura tərpədib yenidən yuxarı dırmaşmağa başladı.
“Görəsən, nə var yuxarıda, bu həşərat özünü belə həlak edir? Allah bilir, bəlkə də, Tanrı bütün canlıları elə yaradıb ki, hamısı yuxarıya, nəyinsə zirvəsinə çatmaq istəyir. Mən də istəyirdim...”
Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur gənc yaşlarında tayfalararası döyüşlərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı. Çox illər sonra fatehliyinin zirvəsinə çatan sərkərdə öz tərcümeyi-halında bu sözləri həkk etmişdi: “Mən on iki yaşımda ikən özümdə fövqəladə fərasət və əzəmət hiss etdim. On səkkiz yaşımda isə at çapmaq və ovçuluqda olan ustalığım barədə düşünməyə başladım. Əksər vaxtımı Quran oxumaqda, şahmat oynamaqda və xüsusən at çapmaq məşğələlərində keçirirdim”.
25 yaşlı Teymur Keş vilayətinə hakim təyin edilmişdi. Lakin o bununla kifayətlənməyib bütün ölkədə hakimiyyəti ələ keçirmək istəyirdi. Bunun üçün Teymur Sistan vilayətinin hakimi olan qaynı ilə hərbi ittifaq bağladı. Lakin özünə yaxın bildiyi qohumu həlledici döyüşdə ona xəyanət etdi.
“Lənətə gəlmiş Sistan valisi! Məndən düşmənlərinə qarşı yardım istədi. Dedi ki, onun qalalarını azad etsəm, altı ay qoşunumu ərzaqla təmin edəcək. Sən demə, fikri başqa imiş, məni gücdən salıb məhv etmək istəyirmiş. Beş qalasını azad etdim, o isə mənə arxadan zərbə vurdu. Xain! Rəqibə inanmaq lazım deyil, onu əzmək lazımdır. Bax bu qarışqa kimi”.
Teymur bir azca dikəlib var gücü ilə divardakı qarışqaya tərəf üfürdü. Qarışqa yox oldu. Teymur taxtdan əyilib yerə nəzər saldı. Orada da həşəratı görmədi. Qarışqanın timsalında sanki özünə həmdərd tapan sərdar elə bil bir az sakitləşdi. Bu neçə gün ərzində ilk dəfə mürgülədi.