Beləliklə, iki türk dövləti arasında sülh müqaviləsi bağlandı. Bu, Azərbaycan diplomatiyasının böyük uğuru idi. Osmanlılarla münasibəti yoluna qoyandan sonra Uzun Həsən Ağqoyunlu dövlətinin sərhədlərini xeyli genişləndirdi. Amma indi o, yeni bir təhlükə ilə üzləşdi. Teymurilər hökmdarı Əbu Səid Ağqoyunlu dövlətinin güclənməsini özü üçün böyük təhlükə hesab edirdi. Buna görə də müharibəyə hazırlaşırdı. Sara xatun müharibənin qarşısını almaq üçün bu dəfə Əbu Səidin yanına gəldi, lakin bütün diplomatik məharətini işə salsa da, Əbu Səidi fikrindən döndərə bilmədi. Sara xatun geri qayıdıb oğluna belə dedi: “Əbu Səid Fateh II Mehmet ola bilməz!” Ağbirçək anasının sözünün yerə düşməsi Uzun Həsənə bərk təsir etdi. Ağqoyunlu hökmdarı bütün hərbi-siyasi bacarığını işə salaraq teymuriləri darmadağın etdi.
Beləliklə, Uzun Həsən qısa bir müddətdə qüdrətli bir türk dövləti - Ağqoyunlu dövlətini yaratmağa nail oldu.
Uzun Həsən çox geniş əraziyə malik olan Ağqoyunlu dövlətini daha da möhkəmləndirmək üçün xüsusi “Qanunnamə” hazırladı. Bu sənədə əsasən, kəndlilərdən alınan verginin miqdarı dəqiqləşdirildi, verqiyıqan məmurların özbaşınalığına son qoyuldu.
“Qanunnamə” dövlətin bütün daxili işlərinin qaydaya salınmasında, müxtəlif tayfaların, əyan və feodalların mərkəzi hakimiyyətə tabe etdirilməsində böyük rol oynadı. Bu qanunlar toplusu sonralar “Həsən padşahın qanunları” adı ilə məşhurlaşdı. Uzun Həsənin ədaləti dillərə düşdü.
Uzun Həsənin dini siyasəti də dövlətin möhkəmlənməsinə yönəlmişdi. Ölkənin müsəlman olmayan əhalisi dini mənsubiyyətinə görə təqib olunmurdu. Görkəmli dövlət xadimi elmin, maarifin inkişafına da xüsusi diqqət yetirirdi.