- Düzdür, ancaq sənin dediyinə görə, xasiyyətini dəyişmək ehtimalı da çox azdır. Ona görə də, məncə, ədalətli şərt təklif etmişəm.
Ramin çəkinə-çəkinə əlini torbaya salıb bir şar çıxardı. Şar qırmızı rəngdə idi. Sonra iki şar çıxardı. Onların da rəngi qırmızı idi.
- Ola bilməz! - Raminin təəccübdən ağzı açıla qaldı. - Yaxşı, beş şar qalır. Deməli, qırmızının şansı beşin birədir.
O, bir də cəhd etdi və yenə də qırmızı şar çıxardı. Ramin yerindəcə donub-qalmışdı. Birdən onun sifəti dəyişdi. Şübhə dolu nəzərlərlə əvvəlcə atasına, sonra torbaya baxdı.
Atası gülümsünüb dedi:
- Birdən elə bilərsən, səni aldatmışam ha!
O, əlini torbaya salıb bir az qurdalandı və oradan dörd mavi şar çıxardı:
- Gördün?
Həmin gecə, demək olar, səhərə qədər Raminin otağından səslər gəlirdi. Atası da yatmayıb bu səslərə qulaq asırdı. O bilirdi ki, oğlu güzgü qarşısında sabahkı məruzəsini məşq edir.
Səhər yeməyini bir yerdə yedilər. Raminin sifəti solğun görünürdü. Atası çay içə-içə ona göz vurdu:
- Sözümüz sözdür?
Ramin başı ilə təsdiqlədi.
- Sinifdə etibar etdiyin, güvəndiyin bir dostun var? - deyə atası soruşdu.
- Hə, Bəhruz.
- Məruzə eləyəndə yalnız onun üzünə bax. Başqaları ilə işin olmasın.
...Həmin gün axşam Zərifə müəllim Raminin anasına zəng etdi:
- Bu gün Ramin sinifdə hamını təəccübləndirdi. Çox gözəl bir məruzə etdi. Siz onun jest və mimikalarını görəydiniz. Hələ məruzənin məzmununu demirəm. Sanki beynəlxalq konfransda danışırdı. Mən çox, çox sevindim. Nəhayət ki, o, natamamlıq kompleksinə qalib gəldi...