- Doğrudur, müəllim. Bir müddət xəstəxanada yatası oldu. Amma indi, şükür Allaha, yaxşıdır.
Müəllim dinməz dayanıb düşündü. Bu cür təmiz niyyət qarşısında deməyə söz tapmırdı. Əlinin nəcib hərəkətini bəyənirdi, amma bu böyük ürəkli kiçik uşaqın da vəziyyətini düşünürdü. Onu bu fikrindən daşındırmaq üçün bir bəhanə tapmalı idi. Digər tərəfdən, sevimli şagirdinin hisslərini başa düşüb onun ürəyini sındırmaq da istəmirdi.
Bir qədər düşünəndən sonra üzünü Əliyə tutub soruşdu:
- İstəyirəm, pulum çox olsun ki, insanlara daha çox kömək edə bilim.
Müəllim sanki işıq ucu tapmış kimi sevindi:
- Lap yaxşı. Gəl belə danışaq. Əvvəla, sən düz deyirsən, Əhmədin, doğrudan da, köməyə ehtiyacı var, amma sən tələsmə. Axı hələ balacasan. Bax zəngin iş adamı olarsan, onda insanlara kömək edərsən.
-Yox, - deyə Əli etiraz etdi. - Babam həmişə deyir ki, birinin yardıma ehtiyacı olanda ona düşünmədən bacardığın qədər kömək elə. Bir də deyir, elə yardım elə ki, o adam utanmasın. Əgər mən indidən insanlara kömək etməyi öyrənməsəm, zəngin adam olanda bunu bacarmayacağam.
Müəllimin gözləri dolmuşdu. Başını “bəli” mənasında tərpədərək masanın üzərindəki pulları bir-bir yığdı...
20 yaşında ikən dünyanı fəth etmək fikrinə düşən Makedoniyalı İskəndər hərbi yürüşə başlamazdan əvvəl müəllimi Aristotelin yanına gəldi. Böyük filosof şagirdini dinləyib dedi:
- İskəndər, çox böyük işə başlayırsan. Ancaq sən çox cavansan. Bəlkə, bir az gözləyəsən, təcrübə toplayasan.
- Yox, - deyə İskəndər cavab verdi. - İllər keçdikcə, bəlkə də, təcrübəm artacaq, ancaq qətiyyətim azalacaq.