- Elə jestlər var ki, beynəlxalq aləmdə qəbul olunub və hamı üçün aydındır; məsələn, millətindən asılı olmayaraq insanlar salamlaşarkən birbirinin əlini sıxırlar. Bundan əlavə, bir sıra peşəkarjestlərdə var; məsələn, hərbi kəşfiyyatçıların və ya su altında işləyən dalğıcların öz jestləri var. Bir çox idman növlərində də hamı tərəfindən qəbul olunmuş xüsusi jestlərdən istifadə olunur. Amma bir çox xalqların yalnız özlərinə məxsus jestləri də var; məsələn, qədim zamanlarda çinlilər görüşərkən öz əllərini sıxırmışlar. Bəzi xalqlarda isə görüşərkən adamlar burunlarını bir-birinə sürtürlər.
Bu zaman Ilkin söz alıb dedi:
- Müəllim, keçən il atam məni özü ilə Bolqarıstana aparmışdı. Bolqarlar razılıq əlaməti olaraq başlarını bulayırlar, “yox” demək istəyəndə isə, əksinə, başlarını yuxarı-aşağı hərəkət etdirirlər.
- Tamamilə doğrudur, - Aydın müəllim dedi. - Yunanlar və makedoniyalılar da belə edirlər. Ümumiyyətlə, bir ölkəyə səfər edərkən yerli xalqın jestlərini öyrənmək heç də pis olmazdı. Əgər nə vaxtsa Tibetə getsəniz və orada rastlaşdığınız adam sizə dilini göstərsə, qanınızı qaraltmayın. Bu, sadəcə, o deməkdir ki, “sənə qarşı heç bir pis niyyətim yoxdur. Narahat olma”. Başqa xalqlarda isə bu jest cırnatmaq və ya təhqir kimi qəbul edilir.
Aydın müəllim sözünü kəsib saatına baxdı, sonra dedi:
- Hə, uşaqlar, mimika və jest dili çox maraqlı mövzudur. Ancaq mürəkkəb fikirləri ifadə etməkdə onlar acizdir. Bu mənada nitqi heç nə əvəz edə bilməz. Nitq isə o zaman təsirli olur ki, müvafiq jest, mimika və intonasiya ilə müşayiət edilir. İndi isə gəlin dərsimizin mövzusuna keçək...