Dildə olan sözlərin hamısı birlikdə onun lüğət tərkibini təşkil edir. Buna dilçilikdə leksika deyilir. Dilçiliyin leksikanı öyrənən sahəsi isə leksikologiya adlanır. Lexis yunan dilində söz deməkdir.
Dildə sözlərin sayını dəqiq müəyyən etmək mümkün deyil, çünki dilin lüğət tərkibi daim dəyişir.
Dilin lüğət tərkibi nə qədər zəngin olarsa, fikri ifadə etmək daha asan olar. Azərbaycan dili də lüğət tərkibi zəngin olan dillərdəndir. Dilimizdəki saysız-hesabsız sözlər lüğətlərdə öz əksini tapır. Türk dillərinin, o cümlədən Azərbaycan dilinin lüğətçilik tarixi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri ilə başlanır.
Mahmud Kaşğari XI əsrin əvvəllərində Şərqi Türküstanın Kaşğar şəhərində doğulmuşdur. İlk təhsilini öz doğma şəhərində alan Mahmud gənc yaşlarında türk dillərinin lüğətini yazmaq fikrinə düşmüşdü. Bu məqsədlə o, türk tayfalarının yaşadıqları əraziləri gəzərək öz lüğəti üçün zəngin material toplamışdı.
“Divanü lüğat-it-türk”də 9222 türk sözü və söz birləşməsi, çoxlu miqdarda şeir parçası və atalar sözü verilmişdir. Lüğətdə türk sözündən sonra həmin sözün ərəb dilində qarşılığı və izahı verilir. Kaşğari öz lüğətində türk dillərinin müqayisəli qrammatikasına da yer ayırmışdır. Türk dillərində ahəng qanunu haqqında da ilk dəfə Mahmud Kaşğari bu əsərində yazmışdır. Əsərin sonunda müəllif möhtəşəm türk dünyasının ərazisini əks etdirən bir xəritə də çəkmişdir. Xəritədə adı “ərzi-Azərabadqan” kimi çəkilən Azərbaycanın coğrafi mövqeyi və qonşuları da öz əksini tapmışdır.
Son 100 ildə Azərbaycanda müxtəlif lüğətlər tərtib olunmuş və nəşr edilmişdir. İzahlı lüğətlərdə sözlərin leksik mənaları, orfoqrafiya lüğətində düzgün yazı, orfoepiya lüğətində isə düzgün tələffüz qaydaları verilir. Ensiklopedik lüğətlərdə şəxslər, elmi anlayışlar, mühüm hadisələr haqqında məlumatlar əks olunur.
Lüğətlər əlifba sırası ilə tərtib olunur. Odur ki hərflərin əlifba sırasını yaxşı bilənlər lüğətdən daha asan və səmərəli istifadə edə bilirlər.