C.Məmmədquluzadənin başqa bir qəhrəmanı da keyfiyyət bildirən ada çevrilib. Bu, Qurbanəli bəy adlı bir obrazdır. Hər hansı bir adam nə isə söz verib yerinə yetirməyəndə, adətən, bu obrazı xatırlayırlar. Təsəvvür edin ki, dostunuz sizi evinə qonaq çağırıb, siz də həvəslə dəvəti qəbul edib gedirsiniz və görürsünüz ki, o özü evdə yoxdur. Siz həmin dostunuzu cəsarətlə Qurbanəli bəy adlandıra bilərsiniz. Çünki yazıçının eyniadlı əsərinin qəhrəmanı Qurbanəli bəy də məhz belə hərəkət edir: böyük bir məclisdə içib keflənir və qonaqların hamısını evinə dəvət edir. O, tayı- bərabəri olmayan atını da göstərəcəyinə söz verir. Ertəsi gün qonaqlar Qurbanəli bəyin evinə təşrif buyururlar. Qulluqçu bunu Qurbanəli bəyə xəbər verəndə o, dünənki məclisdə verdiyi sözü xatırlayıb təşvişə düşür. Bəy vəziyyətdən çıxış yolunu tövləyə qaçıb axurda gizlənməkdə tapır. Qurbanəli bəyin evdə olmadığını eşidən qonaqlar, əlbəttə, çox təəccüblənirlər. Onlar gəlmişkən, heç olmasa, bəyin tərifli atına baxmaq üçün tövləyə yollanırlar. Təsəvvür edirsiniz, onlar başabəla ev sahibini burada, axurda uzanmış görəndə necə mat qalırlar?..