Xəlifənin əmri ilə onun qulu oğlanı çiyninə aldı və onlar saraya yollandılar.
Sarayda xəlifə hamını çağırıb əhvalatı danışdı və tapşırdı:
- Sabah səhərdən özünüzü elə aparmalısınız ki, guya bu gənc Harun ər-Rəşiddir.
Səhər oğlan yuxudan oyanıb özünü sarayda, şahanə bir yataqda görüb mat qaldı, elə bildi ki, hələ də yatır, yuxu görür. Amma ətrafındakı adamların - nökərlərin, kənizlərin ona “Ya əmirəlmöminin” deyə müraciət etdiyini eşidəndə fikirləşdi ki, Allah onun arzusunu eşidib, o, doğrudan da, xəlifədir.
Səhər yeməyindən sonra baş vəzir içəri girib Əbül Həsənin qarşısında təzim etdi:
-Ya əmirəlmöminin! Vəzirlər, vəkillər, əyanlar divanxanada toplaşıb sənin təşrif buyurmağını gözləyirlər.
Əbül Həsən divanxanaya daxil olub əsl xəlifə kimi şikayətlərə baxmağa, hökmlər çıxarmağa başladı. Sonra şəhər valisinə əmr etdi ki, darğanı tutub camaata zülm etdiyinə görə yüz şallaq vurdursun.
Nəhayət, divanxanadakı işlər başa çatdı və Əbül Həsən saraya qayıtdı. Burada onu səhərkindən də təmtəraqlı nahar dəsgahı gözləyirdi. Əmrə müntəzir nökərlərin, kənizlərin əhatəsində Əbül Həsən özünü göyün yeddinci qatında hiss edirdi.
Bütün bu müddət ərzində Harun ər-Rəşid gizlicə Əbül Həsənə göz qoyurdu. Artıq tamaşaya son qoymaq vaxtı idi. Xəlifənin əmri ilə yenə də Əbül Həsənin badəsinə yuxu dərmanı töküb yatırtdılar və öz evinə apardılar. Səhər yuxudan öz yatağında oyanan oğlan başına gələnlərin həqiqət, ya röya olduğunu uzun müddət başa düşə bilmədi.