Qarabağ uğrunda gedən qanlı döyüşlərdən biri idi. Mənfur düşmən güllə-mərmiyə qənaət etmirdi. Aramsız yağan güllə yağışı əsgərlərimizə bir an belə olsun başlarını səngərdən çıxarmağa imkan vermirdi.
Abbasla Rəhim səngərdə diz üstə dayanıb bir-birinə qısıldılar. Başları üstündə torpağı yalayan düşmən güllələri vahiməli fit səsləri çıxarırdı. Rəhim gülümsünüb dedi:
- Abbas, yadındadır uşaqlıqda “dava-dava” oynamağımız? Mən səni nişan alıb atanda qışqırırdım: “Tuf, tuf! Öldün!” Sən də başını sağa-sola eləyirdin: “Vıy, vıy, dəymədi”. Sən Allah, bir də “vıy, vıy” de, görüm oxşada bilirsən?
- Sən də zarafata vaxt tapdın, - deyə Abbas incik dilləndi.
Bir az susdular. Xasiyyətləri müxtəlif olsa da, onlar uşaqlıqdan dost idilər. Birinin məhəllə uşağı ilə davası düşəndə o biri həmin dəqiqə haradansa peyda olub ona qahmar çıxardı. Həmişə belə olmuşdu. Ona görə də hər biri ürəklə davaya girişirdi. Bir dəfə Rəhimin özündən iki yaş böyük bir yekəpərlə sözü düz gəlməmişdi. Onlar dalaşan vaxt Abbas həmişəki kimi özünü yetirib dostuna kömək etmişdi. Sonra o, Rəhimə demişdi:
- Sənin başın xarab olub?! Görmürsən, nə boydadır?! Adam tapmırsan dalaşmağa?!
O zaman Rəhim sakitcə cavab vermişdi:
- Bilirdim ki, gələcəksən...
...Güllə yağışı səngimək bilmirdi. Ermənilər nəyin bahasına olursaolsun, bu kəndi ələ keçirmək istəyirdilər. Rəhim əlindəki qumbaranı sıxıb qeyzlə dedi: