Kəndə çatanda şər qarışırdı. Rəşid əmi onları doqqazda qarşıladı. Qollarını geniş açıb əmioğlusuna tərəf getdi:
- Ayə, ay Bilal, nə yaxşı şeytanın ayağını sındıra bildin?! Ayə, nə tapmısınız o şəhərin tüstüsündə? Niyə bu tərəflərə çıxmırsınız?
Rəşid əmi kimi, onun bütün ailə üzvləri də çox xoşsifət, mehriban və səmimi idilər. Adamayovuşmaz hesab edilən Seymur onun uşaqları ilə çox tez ünsiyyət qurdu.
Onların balaca evi kəndin ayağında, füsunkar bir gölün kənarında idi. Göl üç tərəfdən meşə ilə əhatə olunmuşdu. Həyətin hasarı yox idi. Evdən çıxıb kolların, ağacların arası ilə gölə enmək olurdu. Evlə gölün arasındakı talada iki böyük ağıl var idi. Rəşid əmi burada qoyun-quzularını saxlayırdı. Sürünü dörd yekəpər çobaniti mühafizə edirdi. Rəşid əminin arvadı hər səhər itlərə yal verirdi.
Onlar burada bir həftə qaldılar. Seymur heç vaxt özünü belə xoşbəxt hiss etməmişdi. Bu yerlərin təbiəti onun balaca rəssam qəlbini riqqətə gətirirdi. Səhərlər özü ilə gətirdiyi etüd qutusunu götürüb göl sahilinə düşür, saatlarla meşələrə, dağlara baxıb şəkil çəkirdi.
Nəhayət, bir həftə tamam oldu. Seymurgil maşına minib şəhərə döndülər. Bu səfərdən oğlunun çıxardığı nəticə Bilal əmini çox düşündürürdü. O, əmioğlusunun evinin köhnə, uşaqlarının paltarının yamaqlı olmasından söhbət saldı və Seymurdan soruşdu:
- Gördüm ki, bizim evdə bir itimiz var, onlarda dörd. Bizim kiçik hovuzumuz var, onların isə böyük gölləri. Bizim həyəti elektrik lampaları işıqlandırır, onlarınkını göydəki ulduzlar. Biz həyətdə başımızı qaldıranda hasarımızı görürük, onlar isə meşələri, dağları, ucsuz-bucaqsız üfüqləri. Onların içdiyi süd daha dadlı, yorğanları daha yumşaqdır...
Bilal əmi Seymuru dinlədikcə düşüncələrə dalırdı: “Mən oğlumun gözünü açmaq istəyirdim. Ancaq hər şey tərsinə oldu - oğlum mənim gözümü açdı”.
Nəhayət, Seymur sözünü bitirdi:
- Nə qədər yoxsul olduğumuzu bizə göstərdiyin üçün çox sağ ol, ata.