– | Ərzaqlar, yanacaqlar, təbii liflər, yuyucu vasitələr, yağlar, zülallar və s. üçün ümumi olan nədir? |
– | Sizcə, qeyri-üzvi birləşmələrlə üzvi birləşmələr arasında əlaqə varmı? |
İndiyədək öyrənilən maddələr qeyri-üzvi maddələr adlanır. Bu gündən başlayaraq siz üzvi birləşmələrlə tanış olacaqsınız.
Hazırda 25 milyondan çox üzvi maddə məlumdur ki, bu da sayı 1 milyona yaxın olan qeyri-üzvi maddələrdən olduqca çoxdur. Üzvi maddələrin oxşar cəhətlərindən birini araşdıraq.
Qeyri-üzvi birləşmələr | |||||||||||
H2O | CaC2 | NH3 | CO2 | NaCl | H2SO4 | HF | AlCl3 | NaOH | SiO2 | KI | H2CO3 |
Üzvi birləşmələr | |||||
C12H22O11 (şəkər) |
CH3COOH (sirkə turşusu) |
CH4 (metan qazı) | C6H12O6 (qlükoza) | C2H5OH (etil spirti) | (CH3)2CO (aseton) |
Biologiya fənnindən bilirsiniz ki, bitki və canlı orqanizmləri təşkil edən maddələrin əksəriyyəti üzvi birləşmələrdir. Üzvi birləşmələr külli miqdarda süni yolla da sintez edilmişdir. Sənayedə üzvi birləşmələrin alınmasında əksər hallarda neft, təbii qaz, daş kömür, oduncaq kimi təbii xammaldan, həmçinin kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı istehsalının tullantılarından istifadə olunur.
Oduncaq, qida məhsulları (ət, un məmulatları, yumurta və s.), lif və parçalar, yuyucu və kosmetik vasitələr, bir çox dərman preparatları, plastik kütlələr, kauçuklar, yanacaqlar, yağlar, zülallar, karbohidratlar, efir yağları və s. üzvi maddələrdir və ya üzvi maddələrdən təşkil olunmuş məhsullar, materiallar və məmulatlardır (a).