– | Un, ağac kəpəyi, şəkər, kartof, alma, üzüm: bunları birləşdirən nədir? |
• Karbohidratlar – tərkibi Cn(H2O)m ümumi formulu ilə ifadə olunan üzvi maddələrdir (n və m ≥ 4).
Karbohidratlar monosaxaridlərə, disaxaridlərə və polisaxaridlərə bölünür. Monosaxaridlər – hidrolizə uğramayan karbohidratlardır. Bunlara qlükoza, fruktoza və s. aiddir. Disaxaridlər – hidroliz nəticəsində bir molekuldan iki monosaxarid molekulu əmələ gətirən karbohidratlardır. Disaxaridlərə saxaroza, maltoza və s. aiddir. Polisaxaridlər – hidroliz nəticəsində bir molekuldan çox sayda monosaxarid molekulları əmələ gətirən karbohidratlardır. Polisaxaridlərə nişasta, sellüloza və s. aiddir.
Qlükoza çoxlu miqdarda üzüm şirəsində (ona görə ona üzüm şəkəri deyilir), balda, yetişmiş meyvə və giləmeyvələrdə olur. İnsan orqanizmində qlükoza əzələlərdə və qanda (0,1%-ə qədər) olur. Qlükoza bitkilərdə fotosintez reaksiyası üzrə əmələ gəlir:
Fruktoza (C6H12O6) bir çox meyvələrin tərkibində olduğu üçün meyvə şəkəri adlandırılır. Fruktoza həmçinin balın mühüm tərkib hissəsidir (50%). O, qlükozadan şirindir və bu da balın çox şirin olmasına səbəb olur.
Eyni formula malik olduqları üçün qlükoza və fruktoza bir-birinin izomeridir.
Təbabətdə qlükozadan qanın konservləşdirilməsində və orqanizmi möhkəmləndirən müalicə vasitəsi kimi istifadə olunur. O, toxuculuq sənayesində parçalara bəzək vurulmasında, qənnadı sənayesində, həmçinin C vitamininin (askorbin turşusunun) alınmasında işlədilir. Praktikada qlükozanın qıcqırdılmasından etil spirti alınır.