Böyük (4–7-ci) dövrlərin əlavə yarımqruplarının elementləri keçid elementləri adlanır. Bu elementlər hər bir dövrdə s-elementlərlə p-elementləri arasında yerləşmişdir. Onların atomlarının xarici energetik səviyyəsində, adətən, bir və ya iki selektronu yerləşir, daxili energetik səviyyələrinin d- və f-yarımsəviyyələri isə qismən dolmuş olur. Ona görə onları bəzən d- və f-elementləri kimi də adlandırırlar. [Mis, gümüş, qızıl atomlarında d-yarımsəviyyəsi elektronlarla tam dolmuşdur (d10)].
Adətən, d-elementlərində həm s-, həm də d-elektronları valent elektronlarıdır.
Keçid elementlər bəzi xarakter xüsusiyyətlərə malikdir:
1. Hamısı metaldır.
2. Əksəriyyəti dəyişkən oksidləşmə dərəcəsi göstərir.
3. İonları və birləşmələri çox vaxt rəngli olur.
Əlavə yarımqrup metallarından böyük praktik əhəmiyyətə malik olan dəmir, mis, sink və xromun alınması, xassələri və tətbiqi ilə tanış olaq.
Dəmir. Dəmirin oksid və hidroksidləriKəşfi. Dəmir qədim zamanlardan məlumdur.
Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Dəmir 4-cü dövrdə, VIII qrupun əlavə yarımqrupunda yerləşir. Atomu aşağıdakı elektron quruluşuna malikdir: 1s22s22p63s23p63d64s2, yəni dəmir d-elementidir. Birləşmələrində dəmir atomu 4s2 elektronlarını itirdikdə +2 oksidləşmə dərəcəsi, əlavə olaraq 3d-yarımsəviyyəsindən bir d-elektronunu da itirdikdə +3 oksidləşmə dərəcəsi göstərir.