– | Kəşf edildikdə “həyatsız” adlandırılsa da, əslində, həyat üçün “əvəzsiz” olan bu “ziddiyyətli” elementin adı nədir? |
Dövri sistemin V qrupunun əsas yarımqrupunda 5 element yerləşir: azot N, fosfor P, arsen As, stibium Sb və bismut Bi.
– | N, P, As, Sb və Bi atomlarının xarici energetik səviyyələrinin quruluşundakı fərq nədən ibarətdir? |
– | Cütləşmiş s-valent elektronlarının təklənməsi N, P, As, Sb və Bi atomlarının hamısı üçün mümkündürmü? Bu nə ilə əlaqədardır? |
– | Atom quruluşlarındakı fərq N və P elementlərinin birləşmələrində göstərdiyi valentliklərdə öz əksini tapırmı? Cavabınızı misallarla təsdiqləyin |
Azot yarımqrupu elementləri atomlarının xarici energetik səviyyəsində 5 elektron yerləşir – ns2np3. Halogen və xalkogenlər kimi bunlar da p-elementləridir.
Azot atomunun xarici (2-ci) energetik səviyyəsində d-yarımsəviyyəsi olmadığı üçün o, kimyəvi rabitə yaradarkən maksimum dörd orbitalından (1 ədəd s və 3 ədəd p) istifadə edə bilir və birləşmələrində ən yüksək IV valentlik göstərir. Azot beşvalentli olmur. Yarımqrupun başqa elementləri isə sxemə uyğun olaraq xarici ns2 elektronlarının təklənməsi nəticəsində beşvalentli olur.
Xarici səviyyənin ns2np3 elektron quruluşuna uyğun olaraq azot yarımqrupu elementləri birləşmələrində ən yüksək +5, ən aşağı –3 oksidləşmə dərəcəsi göstərir. Bu elementlər həmçinin +3 və s. aralıq oksidləşmə dərəcəsi də göstərir (cədv. 22.1).
Azot yarımqrupu elemetləri hidrogenlə RH3 tərkibli – NH3 ammonyak, PH3 fosfin, AsH3 arsin, SbH3 stibin birləşmələrini əmələ gətirir. Bu birləşmələr halogen və xalkogenlərin hidrogenli birləşmələrindən (HR, H2R) fərqli olaraq suda həll olduqda H+ ionları əmələ gətirmir. RH3 tipli birləşmələr (əsasən, NH3) əksinə olaraq sudan H+ ionunu birləşdirərək əsasi xassələr göstərir.