Kiçik Yaşar
Hər gün tezdən oyanır.
Sərhəd qurur,
Keşiyində dayanır.
Gah atılır
Əlindəki avtomat,
Gah kişnəyir
Altındakı köhlən at.
Sərhədçidir,
Yaşıl papaq başında.
Sərhədçidir
Yaşar düz beş yaşında.
Neçə gündür
Maşın sürür: du-du-du.
Yəqin ki, bu,
Təzəcə bir arzudu.
Maşınında
Keçir uzaq yolları,
Qovur qaçan
Ağacları, kolları.
Bu sürücü
Yaxşı sürür maşını,
Bitirməyib
Hələ altı yaşını.