1908-ci il, 25 yanvar.
Bu, milli operamızın yarandığı gündür. Həmin gün Tağıyev teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyuldu. Bu nəinki Azərbaycanda, bütün Şərq aləmində ilk opera idi.
Premyeranın müvəffəqiyyətlə keçməsinə baxmayaraq “Leyli və Məcnun” tamaşasına bir neçə ay fasilə verildi. Buna səbəb Leyli obrazını ifa edən aktyorun səhnəyə çıxmaqdan imtina etməsi idi. Bəli, bəli, aktrisanın yox, aktyorun. Axı o zaman müsəlman qadınlarının səhnəyə çıxmasına yol
Üzeyir bəy yeni Leyli axtarışına çıxdı və xalası oğlu Əhməd Bədəlbəyliyə müraciət etdi. “Leyli və Məcnun”un ilk tamaşasında o da iştirak etmişdi, xorda oxumuşdu. 24 yaşlı Əhməd o zaman tələbə idi, müəllim olmaq istəyirdi, amma hər bir qarabağlı kimi, musiqini, çalıb-oxumağı, teatr sənətini də ürəkdən sevirdi. Beləliklə, Əhməd Bədəlbəyli uzun illər boyu səhnəmizin yeganə və təkrarsız Leylisi olan Əhməd Ağdamskiyə çevrildi.
Əhməd Ağdamski gözəl müğənni və mahir aktyor idi. Bununla yanaşı, o, teatr tarixində cəmiyyətdəki cəhalətə qarşı üsyan edən sənət fədaisi kimi qalmışdır. XX əsrin əvvəllərində aktyorlar cahil adamlar tərəfindən təqib olunurdular. Hətta istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski teatrda işlədiyinə görə 1919-cu ildə öz qohumu tərəfindən öldürülmüşdü. Qadın rolu oynayan kişi aktyorların vəziyyəti daha acınacaqlı idi. Onları “mütrüb" deyə ölümlə hədələyir, ictimai yerlərdə təhqir edirdilər. Odur ki teatr afişalarında Əhməd Ağdamskinin adı tanınmasın deyə “Miri” yazılırdı.
Ağdamski Üzeyir Hacıbəylinin başqa əsərlərində də baş qadın rollarında çıxış etmişdir: “Əsli və Kərəm”də Əsli, “O olmasın, bu olsun”da Gülnaz, “Arşın mal alan”da Gülçöhrə, “Ər və arvad”da Minnət, “Rüstəm və Söhrab”da Təhminə və s.