Mirəlinin alt yaşı olanda həkimlər onun valideynlərinə bildirdilər ki, uşaq tədricən eşitmə qabiliyyətini itirəcək. Üstəlik, xəbərdar etdilər ki, erkən yaşında eşitmə qabiliyyətindən məhrum olanlar tədricən danışma bacarığını da itirirlər.
Böyük bir faciə ilə üz-üzə qalan ana təslim olmaq istəmirdi. O, uşağına kömək etməli idi. Ceyran xanım saatlarla oğlu ilə söhbət edirdi. Daha doğrusu, Mirəli danışır, ana da göz yaşlarını boğaraq oğluna qulaq asır, özünü şən göstərməyə çalışırdı.
Ceyran xanım oğluna oxumağı öyrətmək qərarına gəldi. Mirəli əlifbanı çox tez öyrəndi. Bundan sonra ana ilə oğulun ünsiyyəti asanlaşdı. Mirəli danışır, sual verir, ana isə cavabını kağızda yazırdı. Amma həmişə kağızqələmlə gəzmək böyük narahatlıq yaradırdı. Odur ki ana ünsiyyət üçün başqa yollar axtarırdı. Birazdan Mirəli saitləri dodaqların vəziyyətinə görə tanımağa başladı. Samitləri ana həmin hərflə başlayan bir əşyanı göstərməklə bildirirdi. Bəzi samitləri isə barmaqları ilə göstərirdi. Məsələn, şəhadət barmaqlarını çarpazlamaqla “x” səsini tanıdırdı. Beləliklə, ana ilə oğul arasında kağız-qələmsiz, şifahi nitq yarandı.
Bu yalnız onların dili idi, başqaları onu başa düşmürdülər. Anası kiminsə yanında Mirəli ilə bu əlifba vasitəsilə danışanda və ya onun başqa birisi ilə söhbətində tərcüməçi kimi çıxış edəndə uşaq çox utanırdı.
Nəhayət, çıxış yolu tapıldı. Ceyran xanım Moskvada nəşr olunmuş bir kitab əldə etdi. Kitabda eşitmə qabiliyyətini itirmiş adamlarda dodaqdan oxumaq vərdişinin yaradılması üsulundan danışılırdı. Ana bu kitab əsasında oğlu ilə məşğələlərə başladı. Bir neçə ay sürən məşğələlərdən sonra Mirəli artiq yaxınları ilə sərbəst söhbət edə bilirdi. O danışır və gözləri ilə“ eşidirdi”.
...1932-ci il. Mirəli 1-ci sinfə gedəsidir. Şəhərdə eşitmə qabiliyyətini itirmiş uşaqlar üçün məktəb var idi, lakin valideynləri Mirəlini adi məktəbə vermək istəyirdilər. Ceyran xanım çox narahat idi. Görəsən, normal eşidən, danışan uşaqlar arasında oğlu özünü necə hiss edəcək?
Nəhayət, Mirəli 1-ci sinfə getdi. Kifayət qədər hazırlıqlı olduğuna görə dərslərində çətinlik çəkmirdi. Uşaqların da ona münasibəti yaxşı idi. Hamı ona kömək etməyə çalışırdı. Ceyran xanım sinfə gələndə uşaqlar onu əhatəyə alır, bir-birinin sözünü kəsərək Mirəlidən danışırdılar: müəllim ondan nə soruşdu, o necə cavab verdi, neçə aldı... Ana ona zillənən bu müxtəlif, amma eyni zamanda oxşar, təmiz, təmənnasız gözlərə minnətdarlıqla baxır, bu körpə balaları qucaqlayıb öpmək istəyirdi!..